“Həmin gün evimizdəki saat qəfildən dayandı” – Qarakənd faciəsi qurbanının xanımı (MÜSAHİBƏ+VİDEO)

  20 Noyabr 2017    Oxunub : 21609
“Həmin gün evimizdəki saat qəfildən dayandı” – Qarakənd faciəsi qurbanının xanımı (MÜSAHİBƏ+VİDEO)

...SSRİ Ali Sovetinin 1990-cı il, 14-20 fevral sessiyasının ilk günündə iclasa sədrlik edən Mixail Qorbaçov Anatoli İvanoviç Lukyanova söz verəndə Azərbaycandan olan deputat, Kommunist Partiyasının Bakı şəhər “26-lar” (indiki Səbail) rayon komitəsinin birinci katibi Vəli Məmmədov həyəcanla tribunaya tərəf yeriyərək, əvvəlcə ona söz verilməsini tələb edir. Ancaq sədrlik edən onu görməzliyə vurur. Bu vaxt deputat cəsarətlə tribunaya yanaşıb, düz Qorbaçovun üzünə qışqırır: “Sizin burada oturmağa haqqınız yoxdur!”

Lukyanov bu əsnada sakitcə tribunanın arxasında dayanmışdı. Özünü itirmiş Qorbaçov isə hey təkrarlayırdı: “Yoldaşlar bir dəqiqə, bir dəqiqə... Kimsə mikrofon istəyir...” Ancaq mikrofonu qoşmurlar. Azərbaycandan olan deputat Vəli Məmmədov bərkdən deyir: “Xahiş edirəm, bütün millətlərdən həlak olanların hamısını yad edək!” Birinci Mixail Qorbaçov ayağa durur...



Vəli Məmmədov 20 yanvar qırğınından sonra Moskvada “Moskva” mehmanxanasının konfrans zalında dəhşətli faciəni əks etdirən sənədli film lentlərini nümayiş etdirmiş, fotosərgi açmışdı.

O, 1988-ci ildə Ermənistandan gələn 17 minə qədər qaçqının Qarabağda yerləşdirilməsində iştirak etmişdi. Lakin bir müddət sonra Azərbaycan MK rəhbərliyinin xəyanəti üzündən qaçqınlar Dağlıq Qarabağdan çıxarılıb, Azərbaycanın ayrı-ayırı rayonlarına, xüsusilə Bakı və onun ətrafı qəsəbələrinə göndərildilər.



Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadə həmin illərlə bağlı çoxlarının bilmədiyi bir sıra məqamları AzVision.az-a açıqlayıb.



- Bir dəfə Vəlinin MK-nın ikinci katibi Konovalova mübahisəsi düşüb. Moskva məmuruna “özümüzünkülər”dən kimsə deyib ki, Vəli Məmmədov millətçidir. Məhz buna görə də Konovalov onu kobud sözlərlə əsəbləşdirib. O da telefonda Konovalova deyib ki, “savadsızsan, bürokaratsan və işi bilmirsən”. Elə həmin gün Konovalov Vəlinin işdən çıxarılması məsələsini qaldırıb. Sonra isə rəhbərlik dəyişir, Vəlini indiki Səbail Rayonu Partiya Komitəsinin birinci katibi təyin edirlər.



Vəli katib işləyən vaxtlarda həmişə çalışırdı ki, Bakının ortasındakı Çkalov küçəsinin adını dəyişdirib, Səttarxan qoydursun. 1969-u ildə SSRİ-nin Nümayəndə Heyətinin tərkibində Amerikaya gedəndə orada yaşayan azərbaycanlılarla görüşmüşdü. Bu hərəkətinə millətçilik rəngi verib, ona mane olmağa çalışırdılar. Vəli onlar üçün Vətəndən sovqat aparmışdı. Onun sayəsində 1969-cu ildə Amerikdan xeyli azərbaycanlı Bakıya gəldi, qohumlarını ziyarət etdilər. Amerikada yaşayan azərbaycanlılar Vəlini sevib, hörmət edirdilər.



- Vəli Məmmədovun Xankəndinə bayraq sancması necə olmuşdu?

- 1991-ci ilin martın əvvəlindən avqustun axırına qədər Vəli Xankəndində döyüş əməliyyatlarında iştirak edirdi. Nə vaxt ona zəng edirdimsə, deyirdi ki, “Vəziyyət gərgindir, amma biz öz işimizi görürük”. Onun qəlbində qələbəyə inam vardı. Ömrünün son 6-7 ayını Qarabağda keçirdi. Xankəndini xilas etmək artıq real görünəndə onları geri çağırdılar. Tamerlan Qarayev komitənin fəaliyyətini pisləyərək, bu işə özünün rəhbərlik edəcəyini bildirib. Vəli həmişə deyirdi ki, “Qarabağ problemini axıra çatdırmaq üçün bizə cəmi 10 gün vaxt lazım idi. Yalnız Xankənini azad etmək qalırdı”.



O, yorulmadan erməni daşnaklarına separatizmin, terrorun əhəmiyyətsiz olduğunu başa salırdı. Erməni daşnakları son dəfə binanı partladan zaman binada olanlar itki vermiş, bəziləri xəsarət almış, üçrəngli bayrağımız ziyan çəkmişdi. Vəli üçrəngli dövlət bayrağımızı bərpa edib, güzdüz vaxtı, hamının gözü önündə həmin yerdən asmışdı. Bu zaman təbii ki, terrorçular onu öldürə bilərdilər. Ondan soruşublar ki, “Vəli, bu işi niyə gecə yox, məhz gündüz gördün?” O, cavab verib ki, “Hamının gözü qarşısında etdim, qoy, görsünlər ki, Xankəndi bizimdir”. O qurumu 1991-ci ilin avqustun 31-də dağıtdılar. Üzvlərini geri çağırdılar. Noyabrın 20-dək Qarabağda demək olar ki, heç kim fəaliyyət göstərmədi.



- Qarakənd faciəsi ilə bağlı danışardıq...

- Deputatalar vertolyotla Xocavəndə - ermənilər tərəfindən döyülmüş qadınların harayına getdilər. Qadınları azad etmək istəyirdilər. Ermənilər də həmin vertolyotu vəhşicəsinə vurdular.
Vəli vertolyota minməyə gedəndə mən işə tələsirdim. Onun dalınca su ata bilmədim. Çox heyfslənirəm ki, bəlkə də Vəlinin araxasıyca həmişəki kimi su atsaydım, bu dəhşətli hadisə də baş verməzdi. Vəli demişdi ki, axşam qayıdacağam, evdə şam yeməyi yeyərik. Amma belə bir faciə baş verdi. Onun cənazəsini gətirdilər...



Ora gedəcək adamların siyahısında Vəlinin adı yox idi. Vəli noyabrın 19-da axşam işdən çıxanda deyib ki, gedib Tofiq İsmayılovla sağollaşım. Vəli o vaxt dövlət katibi işləyən Tofiq İsmayılovla dost idi. Hər ikisi Ali Sovetin deputatları idilər. Onun Qarabağa getdiyini biləndə deyib ki, “Sən ora yaxşı bələd deyilsən, mən oraları yaxşı tanıyıram. Buna görə, mən də səninlə gedəcəyəm”. Noyabrın 19-da, axşam evə gəlib dedi ki, sabah Qarabağa gedəcək. Könüllü getdi...



Noyabrın 20-də, səhər saat 9-10 arası Tofiq İsmayılov, Rafiq Məmmədov və Vəli bir maşına oturaraq, yola düşdülər. Deyirdi ki, axşam saat 5-də həmin vertolyotla geri qayıdacağıq. Qəribədir ki, həmin gün 4:55-də evimizdəki saat qəfildən dayandı. Bəlkə də həmin vaxt Vəli can verirmiş... Bu dəhşətli xəbəri biz televizordan eşitdik...



- Cəsədi sizə verdilərmi?

- Yox. Qaynaqlanmış dəmir tabutlarda cəsədləri hava limanına gətirdilər. Keçmiş “Dzerjinki” klubunda toplaşıb, cəsədləri gözləyidik. Dəhşətli anlar idi...







































Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video-Montaj: Ə.Xəlilov, B.Məmmədov

AzVision.az

Teqlər: Qarakənd-faciəsi   VəliMəmmədov