Gəncədə iki piyada keçidi açılıb

Gəncədə iki piyada keçidi açılıb
  20 Noyabr 2017    Oxunub:1307
Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Gəncə şəhərinin mərkəzində tikilən iki yeraltı keçidin açılış mərasimi olub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hazırda Nizami yurdunda icrası davam edən, həmçinin 2018-ci ildə yerinə yetiriləcək layihələr haqqında məlumat verib.

Bildirilib ki, Heydər Əliyev prospekti ilə Cavad xan və Həsən Əliyev küçələrinin kəsişməsində avtomobillərin və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq olaraq iki və üççıxışlı 2 yeraltı piyada keçidi tikilib. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsindəki ikiçıxışlı (Gəncə Dövlət Filarmoniyasının qarşısına və Cavad xan küçəsinə çıxış) yeraltı keçidin uzunluğu 28, eni və hündürlüyü isə hər biri 4 metrdir. Keçidə 650 kvadratmetr qranit və mərmər döşənib, işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.

Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki üççıxışlı (Gəncə Dövlət Universitetinin əsas binasının qarşısına, şəhərin baş meydanına və “Gəncə Mall” ticarət mərkəzinin qarşısına çıxış) yeraltı keçidin uzunluğu 70, eni 4,4, hündürlüyü isə 3,7 metrdir. Keçidə 1000 kvadratmetr qranit və mərmər döşənib, tavan dekorativ elementlərlə bəzədilib. Həmçinin işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.

Şəhər ziyalısı Vaqif Novruzov son zamanlar Nizami yurdunda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işlərindən danışaraq, Gəncə Dövlət Universitetinin əsas binasının qarşısında yerləşən keçidin istifadəyə verilməsini ətrafda yaşayan sakinlərlə yanaşı, ali məktəbin müəllim və tələbə heyətini də sevindirdiyini deyib.

Universitet tələbələri son illər Gəncə şəhərinin sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxışlardan sonra keçidlərdə görülmüş işlərlə tanışlıq olub.



AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti