“Bizdə qiymət qalxdısa, enməsi problemdir” - Yevda Abramov

“Bizdə qiymət qalxdısa, enməsi problemdir” - Yevda Abramov
  22 Noyabr 2017    Oxunub:3091
“Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

Millət vəkili bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir: "Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir" - deputat çıxışında bildirib.

Deputat qeyd edib ki, Rusiya və Qazaxıstan kimi ölkələrdə strateji məhsullar ölkə rəhbrəliyinin nəzarətində olur: “Həmin məhsulların qiymətinin son həddini ölkə prezidenti təyin edir. Bununla da aztəminatlı vətəndaşların maddi rifahı qorunur. Təəssüflər olsun ki, bizdə belə deyil”.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

“Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür”- spiker deyib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti