“Radikal qruplar ölkədə sabitliyi pozmağa cəhd edir” - Komitə rəsmisi

  23 Noyabr 2017    Oxunub : 510
“Radikal qruplar ölkədə sabitliyi pozmağa cəhd edir” - Komitə rəsmisi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

AzVision.az xəbər verir ki, Nardaran qəsəbəsindəki 130 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü iə açan məktəbin direktoru Ağası Orucov mövzunun əhəmiyyətindən danışıb. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, bu, dövlət başçısının müsəlman dünyasının həmrəyliyinə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışı Ümummilli Liderimiz Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamıdır.



Respublikamızda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan DQİDK-nın şöbə müdiri bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan şöbə müdiri dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacilbliyini diqqətə çatdırıb. Bildirib ki, müsəlman ölkələri təbii ehtiyatlarla zəngindir və bəzi dairələr bu sərvətlərə sahiblənmək üçün həmin ərazilərdə sabitliyi pozmaqda maraqlıdırlar.



Ə. Zülfüqarov vurğulayıb ki, bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsi ilə İslamı gözdən salmağa, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər ki, Yaxın Şərqdə baş verən qanlı toqquşmalar da bunun bariz nümunəsidir. Radikal dini qruplar tərəfindən Azərbaycanda da ictimai-siyasi sabitliyi pozmağa, eləcə də məzhəblərarası nifaq salmağa cəhdlərin edildiyini qeyd edən Ə. Zülfüqarov bu cür halların qarşısının qətiyyətlə alındığını bildirib.



DQİDK-nın şöbə müdiri sonda onu da vurğulayıb ki, İslam sülh dinidir və İslam həmrəyliyi sülhü sevənlərin həmrəyliyidir. Tədbirdə, həmçinin Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov və Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov çıxışlar edərək gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün mükəmməl təhsil almalarının vacibliyini bildiriblər. Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

AzVision.az

Teqlər: DQİDK   İslam