Azərbaycanda əcnəbilərin qeydiyyatı sadələşdirilir

Azərbaycanda əcnəbilərin qeydiyyatı sadələşdirilir
  24 Noyabr 2017    Oxunub:5227
Əcnəbilərin Azərbaycanda qeydiyyata alınma proseduru sadələşdirilir.
AzVision.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.

Layihədə qeyd edilib ki, Miqrasiya Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Müvafiq dəyişikliyə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Hazırki dəyişikliyin məqsədi əcnəbinin Azərbaycanda qeydiyyata alınma prosedurunun sadələşdirilməsindən ibarətdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Miqrasiya   Məcəllə   Əcnəbi  





Xəbər lenti