“Qarabağda 265 azərbaycanlı qadın itkin düşüb” - Komitə sədri

“Qarabağda 265 azərbaycanlı qadın itkin düşüb” - Komitə sədri
  24 Noyabr 2017    Oxunub:2354
“Gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb, lakin hələ də qarşımızda görüləsi işlər var. Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik”.
AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və konsepsiyalara, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya istinad edilir.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1440 nəfəri əsir və girovluqdan azad edib ki, bunun da 278 nəfəri qadındır. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası işləri aparılıb. Münaqişə nəticəsində 265 qadın itkin düşüb, 98 qadın isə hələ də girovluqdadır. Təəssüf ki, onların taleyi məlum deyil və bu bizi narahat edir".

H.Hüseynova qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də həyatlarında müsbət dəyişikliklərin baş verməsində kampaniyanın vacib rolunu vurğulayıb.

“Gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb, lakin hələ də qarşımızda görüləsi işlər var. Zorakılıq faktına görə, hər birimiz məsuliyyət hiss etməliyik. Qeyd etmək lazımdır ki, bütün dünyada insanlar gender əsaslı zorakılıqla mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışırlar. Bu istiqamətdə müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Burada məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etmək və cəmiyyətdə mövcud yanaşmanı dəyişməkdir”, - deyə komitə sədri vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti