“Şərq tərəfdaşlığı” nədir və bizə nə təklif edir? – TƏHLİL

  24 Noyabr 2017    Oxunub : 32348
“Şərq tərəfdaşlığı” nədir və bizə nə təklif edir? – TƏHLİL

Muxtar Hacızadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Avropa Birliyi və regional inteqrasiya üzrə tədqiqatçı
AzVision.az üçün

Avropa Birliyi təsisatlarının yerləşdiyi Brüssel şəhərində 24 noyabr 2017-ci ildə 5-ci Şərq Tərəfdaşlığı zirvə görüşü keçirilib. 28 Avropa Birliyi və onun şərq qonşuluğunda yerləşən 6 ölkənin dövlət və hökumət başçılarının birgə görüşündə 2015-ci ildəki 4-cü Zirvə görüşündən bu günə qədər əldə edilən nəticələr müzakirə olunub.

Gələcək əməkdaşlıq üçün daha güclü iqtisadiyyat, daha güclü idariçilik, daha güclü bağlantı və daha güclü cəmiyyəti ehtiva edən dörd prioritet sahə üzrə əməkdaşlığın 20 hədəf ətrafında qurulması diqqətə idi.

Zirvə görüşündə Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edib.

Zirvə görüşü ərəfəsində Avropa Birliyi Şurasına hazırda sədrlik edən Estoniyanın prezidenti xanım Kersti Kaljulaid bildirmişdi ki, "Şərq və Qərb bölgüsü yoxdur. Demokratik dəyərlərə sadiq həmfikir ölkələrin birliyi, tərəfdaşlığı, və bu dəyərləri paylaşmayanlar var".

Zirvə görüşü astanasında Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielson qeyd etmişdi ki, Şərq Tərəfdaşlığı həm Avropa Birliyi ilə onun Şərqindəki Tərəfdaş ölkələri arasında həm də Tərəfdaş ölkələrin özləri arasında əməkdaşlıq mühiti yaradır. Yenicə fəliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmiryolu xətti çox önəmlidir, daha səmərəli nəqliyyat vasitəsi təklif edir, daha çox ticarət və iqtisadi inkişaf gətirəcəkdir. Bu sahədə başlamış əməkdaşlıq digər sahələrə də yayıla bilər.

Avropa Birliyinin Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin vurğulamışdır ki, Azərbaycan Avropa Birliyi üçün bir sıra səbəblərə görə, o cümlədən, enerji və Cənubi Qaz Dəhlizinin strateji təchizatçısı, önəmli ticarət tərəfdaşı, iqtisadiyyatını şaxələndirmək istəməsi, mürəkkəb regionda yerləşən və sabitliyə malik dünyəvi ölkə olduğu üçün xüsusi maraq kəsb edir. Onun sözlərinə görə Avropa Birliyi ilə Azərbaycan arasındakı yeni saziş üçün aparılan danışıqlarda irəliləyiş var və Azərbaycan tərəfinin bu prosesə ciddi cəlb olunduğu müşahidə olunur.

Münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə həyata keçirilir

Avropa Birliyi və Azərbaycan münasibətləri fərqli, amma bir-birini tamamlayan müxtəlif müstəvilərdə həyata keçirilir. Azərbaycanın Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" çərçivəsindəki əməkdaşlığı 2004-cü ildə qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" və ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edən, 1996-ci ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzərində qurulub.



2013-cü ildə Azərbaycan ilə Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalanıb. Saziş Azərbaycan vətəndaşları üçün qısa müddətli vizaların daha asan və ucuz alınmasını, o cümlədən rəsmi nümayəndə heyətlərini, 12 yaşdan aşağı uşaqları, təqaüdçüləri, tədqiqatçı və tələbələri tamamilə viza rüsumundan azad edir.

2017-ci il fevralın 6-da prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycan ilə Avropa Birliyi arasındakı münasibətlərə yeni təkan verib. Belə ki, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk ilə görüşdə yeni ikitərəfli saziş üzrə danışıqların başlanacağı elan edilib. Hazırda, danışıqlar ilkin versiyasını Azərbaycanın təqdim etdiyi və Avropa Birliyinin dəyişiklər təklif etdiyi sənəd üzərində siyasi-təhlükəsizlik, ticarət və sektorlar üzrə əməkdaşlıq olmaqla üç fəsillər üzrə davam etdirilir.

"Avropa Qonşuluq Siyasəti" nədir və nə təklif edir?

2004-cü ildə qəbul olunmuş Avropa Qonşuluq Siyasəti (AQS) Avropa Birliyinin Cənubundakı və Şərqindəki qonşuluğuna mənsub olan ölkələrlə ortaq maraqlar əsasında demokratiyanın təbliğ olunması, hüququn üstünlüyü, insan haqlarına hörmət, sosial inkişaf naminə əməkdaşlığı nəzərdə tutur. 2015-ci ildə öz qonşuluqdakı ölkələrlə məsləhətləşmələr aparan Avropa Birliyi Qonşuluq Siyasətini yenidən nəzərdə keçirərək həmin ölkələrlə gələcək münasibətlərini hər biri üçün xüsusi yanaşma prinsipi əsasında fərqləndirməyə qərar verib. Avropa Birliyin tərəfdaş ölkələrlə bundan sonrakı əlaqələrini onların özlərinin cəlb olunmaq istədikləri əməkdaşlığın dərinliyi və inteqrasiya səviyyəsindən asılı olaraq fərqlilik, elastiklik, birgə sahiblik və birgə məsuliyyət prinsipləri əsasında davam etdirməyi qərara alıb.

Avropa Birliyi qonşu ölkələrdə müxtəlif sahələrdə islahatları dəstəkləmək naminə 2014-2020-ci illərdəki layihələr üçün 15 milyard Avro məbləğində vəsait ayırmışdır. Həmin islahatlar çərçivəsində dövlət idarəçiliyi, demokratiya, qanun aliliyi, insan haqları sahəsində islahatları; sabitləşmə üçün iqtisadi inkişafı; təhlükəsizlik; miqrasiya və mobillik üzrə dörd əsas sahəni əhatə edir.

"Şərq Tərəfdaşlığı" nədir və nə təklif edir?

Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi və qonşuluğundakı hər bir ölkə ilə münasibətlər ikitərəfli əməkdaşlığa əsaslanan müstəvidə həyata keçirilir. Buna əlavə olaraq münasiblər üçün regional və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri üçün də imkanlar mövcuddur. Bunlardan biri də Avropa Qonşuluq Siyasətinə əsaslanan "Şərq Tərəfdaşlığı" proqramıdır. Avropa Birliyi və onun Şərqindəki qonşu ölkələri əməkdaşlığa cəlb edən ortaq təşəbbüsdür. Bu proqram Avropanın Şərqindəki birbaşa qonşuları olan Belarus, Moldova, Ukrayna, eyni zamanda, Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan olmaqla altı ölkənin Avropa Birliyi ilə daha yaxın əməkdaşlığını nəzərdə tutur.

Bütün tərəfdaş ölkələrə Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət zonasında olmaq imkanı, assosiasiya razılaşması və Şengen zonasında vizasız hərəkət rejimi təklif olunur. Moldova, Ukrayna və Gürcüstan artıq bütün təkliflərdən faydalanmaqdadır. 2013-cü ildə Ermənistan viza sadələşdirilməsi və readmissiya müqaviləsini imzalamışdır. Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişi isə 24 noyabr 2017-ci ildə imzalandı.

"Şərq Tərəfdaşlığı" proqramı Avropa Birliyinin 2009-cu ildəki sammitində qəbul olunub. 28 Avropa Birliyi və onun Şərqində yerləşən 6 ölkənin dövlət və hökumət başçıları mütəmadi qaydada hər iki ildə bir dəfə olmaqla Şərq Tərəfdaşlığı zirvə görüşü üçün bir araya gəlirlər. Əvvəlki görüşlər 2011-ci ildə Varşavada, 2013-cü ildə Vilnüsdə, 2015-ci ildə Riqada keçirilib.

Teqlər: #Avropa-Birliyi   #Şərq-tərəfdaşlığı