Ukrayna səfiri Əliyev-Poroşenko görüşünü şərh etdi - EKSKLÜZİV

Ukrayna səfiri Əliyev-Poroşenko görüşünü şərh etdi - EKSKLÜZİV
  24 Noyabr 2017    Oxunub:4077
Xəbər verdiyimiz kimi, ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında görüş keçirilib. Prezidentlərin görüşündə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasındakı münasibətləri, İlham Əliyev-Poroşenko görüşünü eksklüziv olaraq AzVision.az-a şərh edib:

- Cənab səfir, Ukrayna-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan və Ukrayna arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsindədir. Ölkələr arasında buna dair sənəd yüksək səviyyəli şəxslər tərəfindən imzalanıb. Xarici siyasətlə bağlı mövqeyimiz praktiki olaraq üst-üstə düşür. Azərbaycan və Ukraynanın milli təhlükəsizik məsələsində ən vacib məsələ ərazi bütövlüyüdür və bu məsələdə ölkələr bir-birilərinin ərazi bütövlüyünü tamamilə dəstəkləyir.

Azərbaycan və Ukrayna arasında heç bir tarixi, siyasi problem yoxdur. İqtisadi baxımdan ölkələrimiz arasında rəqabət mövcud deyil, əksinə biz bir-birimizi qarşılıqlı tamamlayırıq. Bu gün Ukraynada 9 minə yaxın azərbaycanlı təhsil alır. Bu, azərbaycanlıların özlərini Ukraynada komfortda hiss etməsinin göstəricisidir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, ölkələrimiz arasında yüksək səviyyədə dostluq münasibətləri mövcuddur.

- Ötən gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ukrayna prezidentləri arasında görüş keçirilib. Ölkə başçılarının görüşündən gözləntiləriniz nədən ibarətdir?

- Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı durumu müzakirə olunub. Pyotr Poroşenkonun ötən il Azərbaycana baş tutan səfəri müzakirə edilib. Bu səfər Ukraynada baş verən hadisələr nəticəsində yaranan vakum vəziyyətdə ölkələr arasında münasibətləri yenidən başlatdı. Hesab edirəm ki, gələcək dialoq məsələləri də görüşdə müzakirə olunub. Biz cənab İlham Əliyevin Ukraynaya səfərinin baş tutacağını gözləyirik. Yəqin ki, prezidentlər Azərbaycan rəhbərinin Ukraynaya səfərinin vaxtı və bu zaman müzakirə ediləcək əsas məsələlərə dair fikir mübadiləsi aparıblar.

Eldar Tanrıverdiyev
Çinara Quliyeva

AzVision.az


Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti