Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisi ilə görüşüb

Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisi ilə görüşüb
  24 Noyabr 2017    Oxunub:4198
Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zubair Hayatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, V. Eyvazov dost və qardaş, strateji müttəfiq olan iki dövlət arasında əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu xatırladıb. Nazir müavini qonağa DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlardan danışıb, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandığını qeyd edib.

V.Eyvazov hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, təcrübə və məlumat mübadiləsindən razılığını bildirib, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Ölkəmizə ilk dəfə səfərə gəldiyini qeyd edən general Zubair Hayat dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin son illər bütün sahələrdə sürətlə inkişaf etməsindən, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, Azərbaycanda həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu bildirib.

AzVision.az


Teqlər: DİN   Vilayət-Eyvazov  





Xəbər lenti