Ukrayna səfiri tələbələrlə görüşüb - Fotolar

Ukrayna səfiri tələbələrlə görüşüb - Fotolar
  25 Noyabr 2017    Oxunub:2741
Qərbi Kaspi Universitetində (əvvəlki Qərb Universiteti) Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, universitetin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Mərkəzdə tələbələrin iştirakı ilə aparılan ənənəvi tədqiqatlarda bu həftə Ukrayna-Azərbaycan münasibətlərinin nəzərdən keçirildiyini diqqətə çatdırdı və Ukrayna səfiri ilə görüşün politologiya ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətini qeyd etdi.

Səfir Aleksandr Mişşenko iki ölkə arasında əlaqələrin tarixi barədə danışdı, Ukrayna-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini şərh etdi. Bildirildi ki, bu gün bu əlaqələr sürətlə inkişaf edir və regional miqyasda olduqca mühüm, strateji əhəmiyyət kəsb edir. Bir gün öncə iki ölkənin dövlət başçılarının görüşünü xatırladan səfir Mişşenko qeyd etdi ki, siyasi məsələlərdə bir-birinə daim dəstək verən Azərbaycan və Ukrayna həm də iqtisadi tərəfdaşlardır. Vurğuladı ki, Azərbaycanın Ukraynaya İxracatı artırması iqtisadi əməkdaşlığın daha bir yaxşı göstəricisidir.



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladan qonaq vurğuladı ki, bu cür konfliktlər beynəlxalq hüquq normaları əsasında - dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırdı, onlarla fikir mübadiləsi apardı.






AzVision.az


Teqlər: Ukrayna   Səfir   Tələbə  





Xəbər lenti