“Cənub Qaz Dəhlizi” layihəsi PCI siyahısına daxil edilib

“Cənub Qaz Dəhlizi” layihəsi PCI siyahısına daxil edilib
  25 Noyabr 2017    Oxunub:2266
Avropa Komissiyası “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələri yenidən Avropa İttifaqının (Aİ) ümumi maraq layihələri (PCI) siyahısına daxil edib.
AzVision.az Avropa Komissiyasına istinadla xəbər verir ki, həmin layihələr Azərbaycanın təbii qazını Gürcüstan-Türkiyə sərhədinə qədər daşıyacaq Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), qardaş ölkədən keçərək Yunanıstanadək uzanacaq Trans-Anadolu (TANAP) və Yunanıstan, Albaniya, Adriatik dənizindən keçməklə İtaliya sahillərinə çıxacaq “Trans-Adriatik” (TAP) boru kəməridir.

Avropa İttifaqının PCI əsas enerji infrastrukturu layihələri siyahısına ümumilikdə 173 layihə daxil edilib. Onlardan 110-u elektrik enerjisi və ağıllı şəbəkə, 53-ü təbii qaz, 6-sı neft, 4-ü “CO2” emissiyası az olan şəbəkə layihələridir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

AzVision.az


Teqlər:   CənubQaz-Dəhlizi  





Xəbər lenti