“Şeytana daş atanlar”la cəbhəçilərin şəkil davası

  27 Noyabr 2017    Oxunub : 4161
“Şeytana daş atanlar”la cəbhəçilərin şəkil davası
Qondarma “siyasi məhbus” məsələsi Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) yenidən üz-üzə qoyub. Buna səbəb ulduzları barışmayan partiya təmsilçilərinin Avropada keçirdikləri aksiyalarda “siyasi məhbus” kimi təqdim etdikləri şəxslərin şəkillərini qaldırmasıdır. Brüsseldə bir neçə nəfərin cəhd etdiyi sonuncu aksiya isə partiyalararası qarşıdurmanı daha da qızışdırıb.
Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli sosial şəbəkədə status yazaraq bildirib ki, Brüsseldə aksiya keçirən mühacirlər yalnız öz "məhbuslarının" şəkillərini qaldırıblar, onların həbsdə olan tərəfdalarını isə saymayıblar.



Müsavatçılar yekdilliklə Hacıbəyliyə dəstək nümayiş etdiriblər. Bildiriblər ki, Əli Kərimlinin gündəmə gətirdiyi “mühacirlər” bu əməlləri ilə özlərini ifşa edirlər. Onların təbilincə desək, aksiya keçirənlər ağalarının əmrləri ilə Müsavata qarşı ayrı-seçkilik edir, bu partiyanı gözdən saxlmağa çalışırlar.



M.Hacıbəylinin statusuna aksiya iştirakçılarından olan Rəsul Mürsəlovun cavabı özünü çox gözlətməyib. O, Müsavat və M.Hacıbəylini müxalif düşərgəni parçalamaqda günahlandırıb. Mürsəlovun paylaşımına cəbhəçilər “like” qoyaraq Müsavatı tənqid edən statuslar yağdırıblar.



Kərimlinin tərəfdarları irad tutublar ki, Avropadakı Müsavat üzvləri keçirilən aksiyalara dəvət olunsalar da, qatılmırlar. Onların fikrincə, Müsavat başqanı Arif Hacılı və qardaşı Mustafa separatçılıqla məşğul olur. Bir sözlə, AXCP tərəfdarları Müsavatı “şeytana daş atan” təşkilat kimi xarakterizə edirlər.



Qeyd edək ki, bu, Avropadakı Müsavat üzvləri ilə AXCP və Milli Şura tərəfdarlarının ilk qarşıdurması deyil. Belə ki, Milli Şuranın sonuncu mitinqləri zamanı müsavatçılar bildirmişdilər ki, Kərimli tərəfdarları aksiyaları xaricdən pul qoparmaq üçün keçirirlər. Məhz bu səbəbdən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev özünə məxsus tərzdə status yazaraq Avropada yaşayan müsavatçıları “molla demokratlar” adlandırmışdı.



Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Müsavat   AXCP   Müxalifət