Ölkə başçısı Ağcabədidə açılışlar edib

  28 Noyabr 2017    Oxunub : 1634
Ölkə başçısı Ağcabədidə açılışlar edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramından da görünür. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir. Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.



Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.



Həmçinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış olub. Ölkənin bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.



Azərbaycanın bölgələrindəki Tarix-Diyarşünaslıq muzeylərinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə muzeylərdə həm ölkəmizin, həm də müxtəlif rayonların tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır. Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri də ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır. Prezident İlham Əliyev qədim və zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.

Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü” və “Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.



Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Ağcabədi