Əli Həsənovun kitabının Astanada təqdimatı keçirilib

  28 Noyabr 2017    Oxunub : 377
Əli Həsənovun kitabının Astanada təqdimatı keçirilib

Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qazax dilinə tərcümə olunmuş “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Əli Həsənovun Qazaxıstanın geniş oxucu kütləsinə təqdim edilən bu kitabının elmi və siyasi baxımdan böyük əhəmiyyətinin olduğunu bildirib. O deyib ki, müəllif əsərdə bilavasitə Qazaxıstanın da aid olduğu Xəzər hövzəsi regionunu tədqiq edir. Kitab qazax tədqiqatçılar, siyasətçilər və diplomatlar üçün faydalı elmi vəsaitdir.

Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzü görməsi təqdirəlayiq hesab oluna bilər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabı regional prosesləri qavrama baxımından Qazaxıstan oxucusu üçün maraqlı edən cəhətlərdən biri burada Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələrinin öyrənilməsidir.

Qazaxıstan Xalqlar Assambleyasında Prezident Nursultan Nazarbayevin müavini Əbülfəz Xamedov isə bu kitabın ölkədə yaşayan 200 minə yaxın azərbaycanlı üçün də faydalı vəsait olduğunu, onun xalqlarımızın bir-birini və regionu daha yaxından tanımasına xidmət edəcəyini söyləyib.

Qeyd olunub ki, Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması, yeni “Dəmir İpək Yolu” Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə alternativ dəhlizdən istifadə etmək imkanı yaradır.

Regionun müasir iqtisadi vəziyyətini və kommunikasiya xətlərini əyani şəkildə əks etdirən xəritələrlə zəngin olan kitab Beynəlxalq Türk Akademiyasının nəzdindəki nüfuzlu “Elm” nəşriyyatı tərəfindən tərcümə və çap edilib.

AzVision.az

Teqlər: Əli-Həsənov   Kitab   Astana