“2017-ci ili uğurla başa vururuq” - Prezident

  28 Noyabr 2017    Oxunub : 481
“2017-ci ili uğurla başa vururuq” - Prezident

Azərbaycan 2017-ci ili uğurla başa vurur, bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb.

AzVision.az-ın məlumatına görə, bunu Ağcabədi Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün Ağcabədidə gözəl, böyük, möhtəşəm Olimpiya İdman Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir, gözəl mərkəzdir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Demək olar ki, idmanın bütün növləri ilə həm idmançılar, həm də rayon sakinləri məşğul ola bilərlər. Gözəl idman zalları, üzgüçülük hovuzu, böyük stadion, açıq idman meydançaları və 1000 nəfərlik qapalı idman salonu. Yəni, bu, çox gözəl idman obyektidir. Çox şadam ki, Ağcabədidə belə gözəl idman mərkəzi yaradılıbdır".

İlham Əliyev bildirib ki, idman Azərbaycanda dövlət siyasətidir: "Bildiyiniz kimi, idmançılarımız bizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər, dünya, Avropa, Olimpiya çempionlarımız var. İndi demək olar ki, bütün mötəbər beynəlxalq yarışlarda Azərbaycanın bayrağı dalğalanır. Biz, eyni zamanda, böyük idman tədbirlərini Azərbaycanda uğurla keçirmişik. Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları, iki il bundan əvvəl isə Avropa Oyunları ən yüksək səviyyədə keçirilmişdir.

Deyə bilərəm ki, Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Həm Avropa, həm İslam Həmrəyliyi oyunlarında Avropanı və müsəlman aləmini təmsil edən 100-dən çox ölkə iştirak etmişdir. Bu, bir daha Azərbaycanı mədəniyyətlərarası dialoqun mərkəzi kimi dünyada təqdim etmişdir və bu, tarixi nailiyyətdir. Çünki iki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa, həm İslam Həmrəyliyi oyunları yüksək səviyyədə keçirilmiş, dünyanın bütün idman ictimaiyyəti bu oyunları maraqla izləmişdir. Bizim idmançılarımız da bu oyunlarda ən yüksək nəticələr göstərmiş, Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə layiq görülmüşlər".

Prezident əlavə edib ki, bu, Azərbaycanı bir daha dünyaya güclü idman dövləti kimi təqdim edir, bir daha göstərir ki, Azərbaycan idmançıları güclü idmançılardır və onlar istənilən yarışda ölkəmizi ləyaqətlə təmsil edirlər:

"Əlbəttə, bu uğurlara nail olmaq üçün biz gərək müntəzəm olaraq bu məsələlərlə bağlı öz işlərimizi düzgün quraydıq və belə də oldu. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar çox fəal işləyirlər, yeniyetmə idmanı, uşaq idmanı inkişaf edir, gənc nəsil yetişir. Bu gün bizim qələbələrimizi şərtləndirən əsas amillər idman infrastrukturu, təlim-məşq toplanışları, beynəlxalq yarışların Azərbaycanda keçirilməsidir. Bütün bu amillər Azərbaycanda var və təsadüfi deyil ki, biz, eyni zamanda, Yay Olimpiya Oyunlarında da yüksək nəticə göstəririk. Avropaİslam Həmrəyliyi oyunları Azərbaycanda keçirilmişdir. Adətən deyirlər ki, öz ölkəsində idmançılara hətta divarlar da kömək edir. Ancaq Rio Yay Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerə qalxmaq təsdiqləyir ki, həm Avropa, həm İslam Həmrəyliyi oyunlarındakı qələbələr təsadüfi deyildi. Bu qələbələr bizim gördüyümüz işlərin məntiqi nəticəsi idi.

Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu gözəl şərait yaradılır. Ağcabədidə möhtəşəm Olimpiya İdman Mərkəzi açılır. Bu, bölgələrdə açılan mərkəzlər arasında sayca 43-cüdür. Demək olar ki, bizim bütün bölgələrimizdə gözəl Olimpiya İdman mərkəzləri var. Qarşıya məqsəd qoyulub ki, hər bir şəhərdə belə komplekslər yaradılsın. Növbəti illərdə də bu istiqamətdə işlər aparılacaq".

Dövlət başçısı vurğulayıb ki, idman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır: "Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir. Ağcabədidə belə bir mərkəzin yaradılması onu göstərir ki, biz hətta iqtisadi cəhətdən o qədər asan olmayan illərdə də sosial sahəyə, idman sahəsinə böyük investisiyalar qoyuruq.

İdman ictimai həyatımızın tərkib hissəsidir, bu, sosial siyasətimizin təzahürüdür. Ağcabədi rayonunda da belə obyektlərin sayı getdikcə çoxalır. Vaxtilə burada Azərbaycanın ən böyük xəstəxanalarından biri - Ağcabədi Mərkəzi Rayon Xəstəxanası tikilib istifadəyə verilmişdir. Mən bu gün maraqlandım, xəstəxana çox uğurla fəaliyyət göstərir, burada hər il pulsuz müayinə keçirilir və rayon sakinləri bu imkanlardan istifadə edirlər. Ağcabədidə Gənclər Mərkəzi, Şahmat Məktəbi, Qarabağ Muğam Mərkəzi və digər obyektlər açılmışdır, 28 məktəb tikilmişdir, 11 məktəb əsaslı təmir olunmuşdur. Bütün bu işləri görmək üçün vəsait lazımdır. Azərbaycan iqtisadiyyatı bu gün güclü iqtisadiyyatdır və bizim qarşımızda heç bir maliyyə problemimiz yoxdur. Ona görə bu il və növbəti illərdə sosial-iqtisadi infrastruktur sahəsində əlavə tədbirlər görüləcək".

İlham Əliyev qeyd edib ki, növbəti illərdə Ağcabədidə kənd yollarının tikintisi davam etdiriləcək: "Bir neçə kənd yolu layihəsi icra edilib və gələn ildə də nəzərdə tutulur. Çoxmənzilli yaşayış binalarının təmiri məsələsi də gündəlikdədir, abadlıq işlərinə əlavə vəsait ayrılacaq və bir sözlə, rayonun sosial-iqtisadi inkişafı əminəm ki, bundan sonra da uğurla təmin ediləcəkdir.

Burada kənd təsərrüfatı ilə bağlı yaxşı nəticələr var. Aqroparklar salınır, böyük taxılçılıq təsərrüfatları yaradılır. Bilirsiniz ki, mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl iri fermer təsərrüfatlarının yaradılması haqqında qərar verildi və ilk belə təsərrüfat - “Qarabağ Taxıl” müəssisəsi Ağcabədidə yaradılmışdır. Mən o müəssisənin fəaliyyəti ilə tanış olmuşam. Müəssisə öz fəaliyyətini genişləndirir və heyvandarlıq, bitkiçilik sahələrində də böyük imkanlar var. Ağcabədi heyvandarlıq sahəsində ənənəvi mərkəzlərdən biridir, bitkiçiliyə gəldikdə isə, pambıqçılığın da şöhrəti Ağcabədidə bərpa edilir. Sovet vaxtında Ağcabədi iri pambıqçılıq rayonlarından biri idi. İndi biz bu statusu qaytarırıq. Builki nəticələr də yaxşıdır, ağcabədililər müəyyən edilmiş hədəfə çatıblar. Əminəm ki, növbəti illərdə əlavə tədbirlərin, o cümlədən meliorativ tədbirlərin görülməsi nəticəsində məhsuldarlıq daha da artmalıdır və artacaq. Biz növbəti illərdə, ilk növbədə, məhsuldarlığa fikir verməliyik. Bunun üçün bütün tədbirlər vaxtında görülməlidir ki, məhsuldarlıq artsın.

Biz Ağcabədi rayonunun timsalında ölkəmizin uğurlu sosial-iqtisadi inkişafını görürük. Həm sosial, həm mədəniyyət, təhsil, idman, kənd təsərrüfatı, emal sənayesi sahələrində nəticələr göz qabağındadır və biz, ümumiyyətlə, 2017-ci ili uğurla başa vururuq. Bu il nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Həm iqtisadi sahədə, xarici siyasət sahəsində, hərbi sahədə çox böyük nailiyyətlərimiz var. İlin sonunda biz belə gözəl idman mərkəzinin açılışını da qeyd edirik. Bu gün açılışda idmançılar da iştirak edirlər, ilk növbədə, onları təbrik edirəm və tövsiyə edirəm ki, hər bir insan idmanla müntəzəm surətdə məşğul olsun. Sizi bir daha təbrik edirəm!"

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident