Rusiya XİN yeni səfir məsələsində susur

Rusiya XİN yeni səfir məsələsində susur
  29 Noyabr 2017    Oxunub:2553
Ötən gün Rusiya prezidenti Vladimir Putinin bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini postundan geri çağırması və yeni səfirin kim olacağı siyasi gündəmin ən aktual mövzusuna çevrilib.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) yeni səfirin kimliyini rəsmən açıqlamasa da, yerli KİV-lərdə Doroxinin postuna Georgi Zuyevin gətiriləcəyi bildirilir.

Hətta iddia edilir ki, Rusiya Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Bu, Rusiya XİN-in kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Zuyevin ermənipərəst mövqedə olduğu ilə əsaslandırılıb.

AzVision.az-ın əməkdaşı bu məlumatların nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Rusiya XİN-ə və nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovaya sorğu ünvanlayıb. Səhər saatlarında göndərdiyimiz sorğulara hələ də cavab verilməyib. Görünür, Rusiya XİN hələlik bu məsələdə susmağa üstünlük verir.

Maraqlıdır ki, Rusiyanın aparıcı KİV-ləri də yeni səfir təyinatı ilə bağlı mövzuya gün ərzində toxunmayıb.

Qeyd edək ki, Azərbaycan Vladimir Doroxinin fəaliyyətindən narazı deyil. Onun 9 illik vəzifə müddəti ərzində iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilir.

Doroxin bu gün yaydığı rəsmi açıqlama Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək üçün 9 il əvvəl ölkəmizə səfir gəldiyini bəyan edib və Azərbaycan xalqına təşəkkürünü bildirib.

“Mənim önümdə qapılar açıq idi. Azərbaycan da Rusiya ilə eyni məqsəd– ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çalışırdı. Səfirliyin və şəxsən mənim işimə göstərdiyi diqqətə görə azərbaycanlılara minnətdarlığımı bildirirəm. Biz bir-birimizi daha yaxşı başa düşməyi, münasibətlərimizdə olan ən yaxşı şeylərə qiymət verməyi öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin səmimi xarakterini milyonlarla insan öz üzərində hiss edib”- deyə geri çağırılan səfir müraciətində vurğulayıb.

AzVision.az


Teqlər: Rusiya   XİN   Səfir  





Xəbər lenti