Pilot ərazilərin 778 sakini şəkərli diabetdir

  29 Noyabr 2017    Oxunub : 378
Pilot ərazilərin 778 sakini şəkərli diabetdir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir və Yevlaxda noyabrın 6-19-da şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Agentliyin ictimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2314 nəfər tibbi müayinələrdən keçərək ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Sağlamlıq həftələri müddətində 598 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.

Müraciət edən vətəndaşların 423 nəfəri 0-15 yaş, 267 nəfəri 16-25 yaş, 325 nəfəri 26-35 yaş, 349 nəfəri 36-45 yaş, 402 nəfəri 46-55 yaş, 536 nəfəri 56-70 yaş arasında, 12 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi müxtəlifdir. 896 nəfər son 1 ay ərzində, 359 nəfər son 3 ay, 387 nəfər son 6 ay ərzində, 171 nəfəri son 1 il ərzində, 103 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 242 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Ümumi müraciət etmiş 2314 nəfərdən 1642 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.

Müraciət etmiş 2314 nəfərdən 778 nəfərinin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilib.

Şəkərli diabet xəstələrinin səhhətlərində yarana biləcək problemlərin və diabetlə bağlı ağırlaşmaların profilaktikası məqsədilə Agentlik tərəfindən pilot ərazilərdə Şəkərli Diabet Məktəblərinin yaradılmasına başlanılıb.

AzVision.az

Teqlər: Şəkərli-diabet