“Doroxini həmin şəxs əvəz edəcək” – Millət vəkili

  29 Noyabr 2017    Oxunub : 1982
“Doroxini həmin şəxs əvəz edəcək” – Millət vəkili

“Məlumatlara əsasən, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsində Georgi Zuyevin namizədliyi üzərində dayanılıb və Duma üzvləri onun namizədliyini qəbul edib”

Bunu AzVision.az-a Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Rusiyanın Azərbaycandakı yeni səfirinin kim olacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, 9 il ölkəmizdə səfir olan Vladimir Doroxini Zuyevin əvəz edəcəyi gözlənilir: “Görünür, ötən müddət ərzində Georgi Zuyevin müxtəlif dövlət orqanlarında razılaşdırılması prosesi gedirdi. Adətən müxtəlif prosedurlar keçildikdən sonra rəsmi fəaliyyətə başlama reallaşır. İki gün öncə informasiyalar yayılmağa başladı ki, rəsmi Bakı Zuyevin ermənipərəst mövqeyini nəzərə alaraq ona aqreman verməyib. Bunun nəticəsində yeni namizəd üzərində axtarışlara başlanılıb. Son yayılan məlumatlara görə, Rusiya Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı, özünün diplomatik taktikasına dayanaraq hər hansı bir səfirin, yaxud diplomatın başqa bir ölkədə fəaliyyətini həyata keçirmə prosesini məxfi saxlayır, onu açıq şəraitdə aparmır. Belə nəticə çıxarmaq olar ki, hər halda verilən rəsmi xəbərdə Zuyevlə bağlı durum tamamilə inkar edilmir. Əks halda ifadə olunardı ki, Vladimir Doroxini konkret kim əvəzləyib”, - deyə millət vəkili vurğulayıb.

Z.Oruc hesab edir ki, bu məsələ ətrafında iki ölkə arasındakı problemlərdən danışmaq doğru deyil: “Bunu “səfir böhranı” kimi xarakterizə etmək olmaz. Hazırda Azərbaycan-Rusiya münasibətlərində problem yoxdur. Bu illər ərzində biz Rusiyanın 5 səfirini - Valter Şoniya, Aleksandr Bloxin, Nikolay Ryabov, Vasili İstratov, Vladimir Doroxin ölkəmizdə görmüşük. Hesab edirəm ki, onlardan əsasən 4-ü iki ölkə arasında əlaqələrə yaxşı təsir göstərməyə çalışıb. Xüsusilə, Vladimir Doroxinin fəaliyyətini qeyd etmək olar. Onun dövründə delimitasiya məsələsi öz həllini tapıb. Həmçinin, Rusiya və Azərbaycan arasında bir sıra iqtisadi müqavilələr imzalanıb. Biz Doroxinin timsalında qaba, kobud siyasi müdaxilələri görmədik. Əksinə, o, digər ölkələrin səfirləri ilə müqayisədə daha soyuqqanlı davranışları ilə seçilib.

Ümumilikdə isə istənilən ölkəyə diplomatik nümayəndəni təyin etmək səlahiyyəti Rusiyanın rəhbərliyinə məxsusdur. Bizim üçün bu məsələdə yalnız arzuediləndir ki, həmin şəxs Azərbaycana, onun konstitusiyasına, qanunlarına hörmətlə yanaşsın. Hesab edirəm ki, bundan sonrakı dönəmdə Doroxini layiqli şəxs əvəz edəcək”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Rusiya   Səfir   Doroxin