Nazirlərin Bakı Bəyannaməsi - Tam mətn

  30 Noyabr 2017    Oxunub : 347
Nazirlərin Bakı Bəyannaməsi - Tam mətn

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Pakistanın XİN başçısı Havaca Məhəmməd Asif iştirak edib. Görüş zamanı nazirlər Bakı Bəyannaməsi imzalayıblar.

Bəyannamdə deyilir:

“Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun dəvəti, Pakistan İslam Respublikasının xarici işlər naziri cənab Xavaca Məhəmməd Asif və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə 3 dövlətin xarici işlər nazirlərinin Birinci Görüşü 30 noyabr 2017-ci il tarixində Bakı şəhərində keçirildi.

Nazirlər,

Dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə etdilər;

Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğuladılar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildirdilər və regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə etdilər;

Dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğuladılar;

Yerləşdikləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınadılar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğuladılar;

İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini vurğuladılar;

İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər;

Üç dövlət arasında enerji sahəsində enerji təchizatı təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd etdilər;

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmiryol, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini qeyd etdilər;

Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğuladılar və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə etdilər;

Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri; qeyri-qanuni silah ticarəti, insan alveri; miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya; mədəni və tarixi irsə qarşı cinayətlər; çirkli pulların yuyulması; kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər;

Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqlarını bildirdilər;

Sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq, “Asiyanın qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyini nailiyyətləri qiymətləndirdilər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdilər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdiyi sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq etdilər;

Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəldilər;

Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılığa gəldilər.

Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri

Xavaca Məhəmməd Asif
Pakistan İslam Respublikasının xarici işlər naziri

Mevlüt Çavuşoğlu
Türkiyə Republikasının xarici işlər naziri”


AzVision.az

Teqlər: Bakı-Bəyannaməsi   XİN