Sabirabadda çoxmənzilli binalar təmir olunacaq

Sabirabadda çoxmənzilli binalar təmir olunacaq
  30 Noyabr 2017    Oxunub:1593
Prezident İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən Sabirabad şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Sabirabad rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verib, əsas kapitala yönəldilmiş vəsait 117,6 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 123,3 dəfə artıb, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, “ASAN Xidmət” Mərkəzi, Bayraq Meydanı və Muzeyi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilib. Bununla yanaşı, Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal və emal müəssisələri yaradılıb, 15 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti