Məmmədyarov Hindistanın dövlət naziri ilə görüşüb

  30 Noyabr 2017    Oxunub : 259
Məmmədyarov Hindistanın dövlət naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək VII Nazirlər Konfransında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarla görüşüb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə 2017-ci ilin Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu bildirilərək ikitərəfli siyasi münasibətlərin irəlilədilməsi baxımından qarşılıqlı yüksək səviyyəli səfərlər mübadiləsinin, eləcə də bu vaxta qədər artıq 3 raundu baş tutmuş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son statusu barəsində qonağa məlumat verən nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bəyan edib.

İkitərəfli iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayan tərəflər investisiya qoyuluşu, informasiya texnologiyaları, enerji, kənd təsərrüfatı, tikinti, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd ediblər. Bu xüsusda Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət qiymətləndiriblər.

Həmçinin Hindistanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tranzit imkanlarından faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd edilib və layihə üzrə Əlaqələndirici Şuranın iclaslarının əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin “Asiyanın Qəlbi”-İstanbul Prosesinin regional dövlətlər arasında dialoqun gücləndirilməsi və etimadın qurulması baxımından əhəmiyyətli platforma olduğunu qeyd olunub.

AzVision.az

Teqlər: XİN