İlham Əliyev VII nazirlər konfransında - Yenilənib (FOTOLAR)

İlham Əliyev VII nazirlər konfransında - Yenilənib (FOTOLAR)
  01 Dekabr 2017    Oxunub:3726
Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransın açılışında Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Əşrəf Qani iştirak edib.Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan edib. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirib.

Konfransa, həmçinin Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan və İran xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavini, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT Baş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələri qatılıb.

Dövlətimizin başçısı konfransda nitq söylədi.

-Hörmətli cənab Prezident Əşrəf Qani. Nümayəndə heyətlərinin rəhbərləri.

Xanımlar və cənablar.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nin iştirakçı və dəstəkləyici ölkələrini və təşkilatlarını Bakıda keçirilən 7-ci nazirlər toplantısında salamlayıram.

Zati-aliləri, möhtərəm Prezident Məhəmməd Əşrəf Qaniyə nazirlərin Bakı toplantısının açılışında iştirak üçün mənim dəvətimi qəbul etdiyinə görə minnətdarlığımı ifadə edirəm.

Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır.

Müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşmişdir. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər Ermənistan tərəfindən dağıdılıb.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.

Hörmətli qonaqlar, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.

Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır. Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik.

Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir.

Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir. Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk.

Şəffaf, korrupsiyaya və rüşvətə dözümsüz olan Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq vətəndaşlara ictimai və fərdi xidmətlər göstərən “bir pəncərə” mərkəzlərinin yaradılması ilə Əfqanıstanın ictimai xidmətlərinin inkişaf etdirilməsinə yönəlmişdir.

Azərbaycan, eyni zamanda, geniş regional bağlılıq vasitəsilə Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, eləcə də öz qonşu və daha geniş region ölkələri ilə ticarətin canlandırılması üçün Əfqanıstanla əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir.

Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün vacib qovşaq qismində rolunu nəzərə alaraq bu coğrafi mövqenin faydalarını bölüşmək və Əfqanıstanda davamlı inkişafı dəstəkləmək baxımından Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) rolu çox mühümdür.

Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil. Bu, bütün region üçün regional iqtisadi əməkdaşlıq kontekstində ölkənin təhlükəsizliyini təmin etmək və böyük potensialını aşkarlamaqdan ibarətdir. Asiyanın Qəlbi regionunda sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinin iki əsas istiqaməti üzrə strateji müzakirələrin aparılması məqsədilə Bakıda keçirilən nazirlər toplantısının mövzusu “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” seçilmişdir. Əminik ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri ilə Əfqanıstan Asiyanın Qəlbi regionunda regional ticarət və bağlılıqda vacib tərəfə çevriləcəkdir.

İnanıram ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün birgə səylərimiz Əfqanıstanın layiq olduğu təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq məqsədlərinə nail olması üçün mühüm pillədir.

Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə Azərbaycanın dəstəyini vurğulayır və Milli Birlik Hökumətinin qardaş və dost əfqan xalqı üçün vahid və sülh şəraitində çiçəklənən gələcəyə nail olmaq istiqamətində səylərinə uğurlar arzulayıram. Sağ olun".

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış etdi. Əfqanıstan Prezidenti Azərbaycan sülhməramlılarının ölkəsinin təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirdi. O, Azərbaycanın iqtisadi inkişafını, ümumi daxili məhsulun artmasını, davamlı islahatların həyata keçirilməsini yüksək dəyərləndirdi. Prezident Məhəmməd Əşrəf Qani, həmçinin “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə dəstək verən ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirdi. Dövlət başçısı Əfqanıstanın terrorizmlə mübarizə sahəsində gördüyü işlərə, ölkənin inkişafı istiqamətində atılan addımlara toxundu. Bildirdi ki, terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir. Təəssüf ki, bəzi ölkələr terrorizmə dəstək verirlər. Terrorizmə qarşı mübarizə həm də regionda olan problemlərin həllinə töhfə verir.

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

Qeyd edək ki, “Asiyanın Qəlbi” - İstanbul Prosesi “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platforma sayılır. Konfrans gələn il Türkiyədə keçiriləcək.










Eldar Tanrıverdiyev
FOTO: Elvin Abdulla

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Konfrans  





Xəbər lenti