Prezident: “Avropa İttifaqı ilə yeni saziş üzrə fəal danışıqlar aparılır”

Prezident: “Avropa İttifaqı ilə yeni saziş üzrə fəal danışıqlar aparılır”
  01 Dekabr 2017    Oxunub:2504
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Estoniya Respublikasının xarici işlər naziri Sven Mikseri qəbul edib.
AzVision.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sven Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə etdi. Estoniyalı nazir bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin önəmini vurğulayaraq bu Sammitdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür etdi. Sven Mikser Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaq orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd etdi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı bu təşkilatın üzv dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələrinin qurulduğunu və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd etdi və yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyişlərə nail olunduğunu vurğuladı. Bakıda keçirilən 7-ci nazirlər konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya fəal şəkildə dəstək göstərdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini dedi. Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlətimizin başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti