“Silahlı Qüvvələrlə bağlı yeni qanuna ehtiyac var idi” - Ziyafət Əsgərov

“Silahlı Qüvvələrlə bağlı yeni qanuna ehtiyac var idi” - Ziyafət Əsgərov
  01 Dekabr 2017    Oxunub:1746
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, yeni qanun layihəsi barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Komitə sədri bildirib ki, hal-hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib.

“Bu, həcmcə kiçik qanundur. O dövr üçün Silahlı Qüvvələrin hüquqi statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk Konstitusiyanın qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvercilik aktları qəbul etmişik. Keçən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib. Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilir. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz, Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qoşunları və Dəniz qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Bu yeniliyi etdiyimizə görə, qüvvədə olan qanun konsepsiyası dəyişir, yeni qanunun meydana gəlməsinə ehtiyac yaranırdı”.

Z.Əsgərov qeyd edib ki, yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur: “Qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respubliaksı Silahlı Qüvvələrinin, ordunun və digər qoşun birləşmələrinin anlayışı verilir. Qanun layihəsi hazırlanarkən Milli Məclisin qərarı ilə təsdiq edilmiş Hərbi doktrina və cənab prezidnetin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhlükəsizlik konsepsiyasının müddəaları əsas götürülüb. Hər üç normativ sənəd bir məqsədə xidmət edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Ziyafət-Əsgərov   Qanun  





Xəbər lenti