Siyavuş Novruzov: “Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz”

Siyavuş Novruzov: “Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz”
  01 Dekabr 2017    Oxunub:1430
“Bir neçə gün öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərar qəbul edilib. Ermənistan bura qoşulub. Bir tərəfdən Ermənistan Avropa İttifaqına, digər tərəfdən də KTMT-yə qoşulur. Ona görə qoşulur ki, həmin ölkələrə xarici təhlükə olduqda onlara yardım edilsin. Bu, həm Ermənistanın, həm də ona şərait yaradanların ikiüzlülüyüdür”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputat Azərbaycanda "Silahlı Qüvvələr haqqında" yeni qanunun qəbulunu vacib sayıb: “Türkiyədə 8 dəfə dövlət çevrilişi olub. Bu, çox təhlükəlidir. Ona görə də Azərbaycanda orduya vahid nəzarət mexanizmi Ali Baş Komandan tərəfindən həyata keçirilməlidir. Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət Silahlı Qüvvələri dedi-qodu mənbəyinə çevirirsə, o işin heç bir əhəmiyyəti olmaz”.

Deputat əlavə edib ki, Azərbaycan ordusu həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyədədir: “Ordumuz ərazilərin işğaldan azad edilməsinə hazırdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti