Vasif Talıbov müharibə veteranlarına maşın verib

  02 Dekabr 2017    Oxunub : 866
Vasif Talıbov müharibə veteranlarına maşın verib

Naxçıvanda sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsi və reabilitasiyası diqqət mərkəzindədir.

Nazir qeyd edib ki, bu günədək muxtar respublikada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 456 şəxsə minik avtomobili verilib, 211 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunub.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Azərbaycan torpaqlarının qorunması zamanı sağlamlığını itirmiş şəxslərə dövlət qayğısı ilə minik avtomobilləri verilir.

V.Talıbov qeyd edib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir.

“Eyni zamanda Vətən qarşısında xidməti olanlara avtomobillərin təqdim edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının daha bir ifadəsidir. Vətənə layiqincə xidmət etmək və bu xidmətin dövlət tərəfindən qiymətləndirilməsi isə Vətənin bütövlüyünə, gələcəyinə xidmət edir. Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaqdır”.

Daha sonra avtomobillərin açarları təqdim olunub.

AzVision.az

Teqlər: Vasif-Talıbov   Naxçıvan   Avtomobil