Azərbaycan Ordusu separatçıları qorxuya salıb

Azərbaycan Ordusu separatçıları qorxuya salıb
  02 Dekabr 2017    Oxunub:3266
Azərbaycan prezidenti İlham Əliyevin son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər, eləcə də ordumuzun keçirdiyi təlimlər düşməni ciddi təşvişə salıb. Bunun nəticəsidir ki, ötən gün Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa gələrək separatçılarla görüşüb.
Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AzVision.az-a deyib ki, Sarkisyanın qəfil səfəri separatçıların ordumuzun təlimlərindən təşvişə düşməsi, qorxması ilə bağlıdır.

Polkovnik qeyd edib ki, Azərbaycan ordusunun tez-tez təlimlər keçirməsi, ən müasir silahlardan istifadə qaydalarını təlimdə nümayiş etdirməsi ermənilərdə qorxu hissi yaradıb:

“Onlar bilirlər ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmasa, Azərbaycan torpaqlarını separatçılardan təmizləmək üçün ordu gücündən istifadə edəcək. Ermənilər onu da yaxşı başa düşürlər ki, Azərbaycan ordusu həm mənəvi-psixoloji, həm də texniki cəhətdən çox güclü imkanlara malikdir”.



C.Xəlilov hesab edir ki, ordumuz Qarabağda antiterror əməliyyatlarına başlasa, düşmən ən qısa vaxtda darmadağın ediləcək: “Azərbaycan başqa dövlətin ərazisində müharibə aparmaq fikrində deyil, qonşu dövlətlərin heç birinə qarşı ərazi iddiası yoxdur. Biz öz torpaqlarımızı separatçılardan, terrorçulardan azad etmək istəyirik. Bu, hər bir dövlətin konstitusion hüququdur. Qarabağ tarixən Azərbaycan torpağı olub. Bunu dütün dünya bilir. Şübhə yox ki, Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək işğal olunmuş ərazilərimizi separatçılardan, terrorçulardan azad edəcək. Bizim buna haqqımız, hüququmuz və gücümüz var”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Qarabağ   Sarkisyan   Cəlil-Xəlilov  





Xəbər lenti