Zabitlər Evində sərgi keçirilib

Zabitlər Evində sərgi keçirilib
  02 Dekabr 2017    Oxunub:1640
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbi qulluqçuların və ailə üzvlərinin xüsusi istedad və bacarıqlarını nümayiş etdirmək, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması məqsədilə əl işlərindən ibarət “Mənim dünyam” adlı bədii yaradıcılıq sərgisi keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə "N" nömrəli hərbi hissənin şəxsi heyəti, Rəssamlar İttifaqının və ictimaiyyətin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər sərginin hərbçilərin dünyagörüşlərinin formalaşdırılması baxımından əhəmiyyətindən danışıblar. Sərgi rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, qrafika, keramika, bədii toxuculuq (tikiş, naxış), maket və digər əl işləri üzrə sahələri əhatə edib.

Mərkəzi Zabitlər Evin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə tədbir iştirakçıları sərgiylə tanış olublar. Sonda sərgidə sənət nümunələri nümayiş etdirilən yaradıcı iştirakçılara fəxri fərmanlar təqdim olunub.

AzVision.az


Teqlər: sərgi  





Xəbər lenti