Hacı Məmmədovun bacısı: “Onun heç nədən şikayəti yox idi”

Hacı Məmmədovun bacısı: “Onun heç nədən şikayəti yox idi”
  04 Dekabr 2017    Oxunub:10991
“Hacının ölümü ilə bağlı bizə məlumat verilməyib. Bu barədə mətbuatdan xəbər tutmuşuq”

Bunu AzVision.az-a açıqlamasında həbsxanada intihar edən Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun bacısı Arifə Məmmədova bildirib.
Bu yaxınlarda Hacı Məmmədovla görüşdüklərini deyən A. Məmmədova qardaşının saxlanıldığı şəraitdən şikayətçi olmadığını söyləyib: “İki həftə əvvəl Hacının görüşünə getmişdik. Səhhəti normal idi. Heç nədən şikayəti yox idi. Əhvalı yaxşı idi. Bizi öpüb qucaqladı. Nəvələrini soruşdu. Oğlu Teymur tez-tez atasının görüşünə gedirdi. Hacının ölüm xəbərini axşam saatlarında eşitdik. Səhərə qədər yatmamışıq. Hələlik bizə rəsmi məlumat verilməyib. Hacının xaricdə yaşayan qızı da çox narahatdır”.

Bacısının sözlərinə görə, H.Məmmədov onlarla sonuncu görüşündə nəvələrini görmək istədiyini deyib: “Hacı Almaniyada yaşayan qızını soruşurdu. O, nəvələrini görmək istəyirdi. Görüş zamanı deyib gülürdü. Probleminin olmadığını deyirdi”

A.Məmmədova qardaşının həbsdə olduğu zaman ailəsi ilə əlaqəni kəsdiyini, yalnız son bir-iki il ərzində görüşə razılıq verdiyini vurğulayıb.

“Hacı ailəsi ilə əlaqəni kəsmişdi. Nə evinə zəng edirdi, nə də mənə. Hamıdan imtina etmişdi. İstəmirdi ki, ona görə ailəsinə zərrər gəlsin. Uşaqlarını çox istəyirdi. Onların atalarına görə utanmasını istəməzdi. Anam keçən il dünyasını dəyişəndə Hacının bundan xəbəri yox idi. Bu yaxınlarda görüşəndə anamızın öldüyünü dedik. Ona pis təsir etdi”.

Hacı Məmmədovun ailəsindən söz açan A.Məmmədova bildirib ki, qardaşının böyük qızı İngiltərə vətəndaşı ilə ailə həyatı qurub: “Hacının iki qızı var. Balaca qızının adı Aykadır. Ailə həyatı qurub, hazırda Almaniyada yaşayır. Digər qızının da normal həyatı var. Ailəsi həbsdə Hacıya heç nə göndərmirdi. Çünki Hacı özü istəmirdi. Hacının ikinci həyat yoldaşından olan qızı evlidir. Qardaşımın bundan əlavə Teymur adında oğlu var. Teymur işləyir. Ailə həyatı qurub, Bakıda yaşayır. Teymur Hacının birinci həyat yaldaşından olan övladıdır. O, firmada adi işçidir”.

A.Məmmədova qardaşının keçmiş dostlarının onlarla maraqlanmadığını söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) 12 il həbsdə olan sabiq baş əməliyyat müvəkkili, “Qara kəmər” əməliyyatının “qəhrəman”ı Hacı Məmmədov ötən gün intihar edib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq, həyatına qəsd edib. Məlumat Xəzər Rayon Prokurorluğu tərəfindən təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. H.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Hazırda bununla bağlı araşdırma aparılır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Hacı-Məmmədov  





Xəbər lenti