Ədliyyə naziri Cəlilabadda vətəndaşları qəbul edib

Ədliyyə naziri Cəlilabadda vətəndaşları qəbul edib
  05 Dekabr 2017    Oxunub:1889
Bu gün ədliyyə naziri Fikrət Məmmədov Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Salyan və Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.
Müşavirədə ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, Cəlilabad Rayon Məhkəməsinə və Cəlilabad Hərbi Məhkəməsinə baş çəkilərək fəaliyyəti və iş şəraitinin yaxşılaşdırılması üzrə görülmüş tədbirlərlə tanışlıq olub. Burada keçirilən müşavirədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov  





Xəbər lenti