Anasının rəfiqəsi tərəfindən diləndirilən balaca Anjelina – VİDEO+FOTOLAR

Anasının rəfiqəsi tərəfindən diləndirilən balaca Anjelina – VİDEO+FOTOLAR
  06 Dekabr 2017    Oxunub:16750
“Uşaqlar bizim gələcəyimizdir” deyirik. Bu ifadənin fərqinə varmayan bəzi məsuliyyətsiz valideynlər tərəfindən gələcəyimiz məhvə məhkum edilir. Təəssüf ki, hər uşaq gələcəyin xoşbəxtliyindən nəsibini ala bilmir. Bəzən onların dünyaya gəlməsinə vəsilə olan valideynlər asanlıqla, gözünü qırpmadan uşaqlarından vaz keçə bilirlər.
Böyüklərin “gələcəyimizdir” dediyimiz uşaqlara belə laqeyd münasibəti onlarda həyat eşqini beşikdəcə boğur və inamları yerlə yeksan olur...

Doğmaları tərəfindən tərk edilən, kimsəsiz uşaqların pənah gətirdiyi yerlərdən biri “Ümid Yeri” uşaq şığınacağıdır. Burada müxtəlif taleyi yaşayan uşaqlarla söhbətləşib, onların dərdinə şərik olmağa çalışdıq.



Sığınacaqda ilk müsahibimiz Anjelinadır. Milliyətcə rus olan azyaşlı qızı sığınacağa polis əməkdaşları gətirib.

Sığınacağın sosial işçisi Əsbət Tağıyeva əməkdaşımıza deyib ki, Anjelinanın atasının kimliyi bilinmir. Anası isə il yarım əvvəl, təxminən 40 yaşında dünyasını dəyişib.

“Anasının ölümündən sonra uşağa bir müddət yaşlı dayə baxıb. Daha sonra anasının rəfiqəsi, milliyətcə rus olan qadın Anjelinanı himayəyə götürüb. Balaca qızcığazın qara günləri bundan sonra başlayıb. Anasının sağlığında Anjelinaya dayə baxıb. Dayə dünyasını dəyişəndən sonra Anjelina rus qadının əlinə düşüb. Həmin qadın uşaqdan qazanc mənbəyi kimi istifadə edib. Anjelinanı dilənçiliyə məcbur edib”.



Ə.Tağıyevanın sözlərinə görə, Anjelina sığınacağa gətiriləndə çox pis vəziyyətdə olub: “Qız bura çox pis, arıq, çəlimsiz vəziyyətdə gətirilmişdi. Bədəni gömgöy idi. Ona nə olduğunu soruşanda bildirdilər ki, anasının rəfiqəsi tərəfindən dilənçiliyə vadar edilib. Anjelina evə az pul gətirirmiş, dilənmək istəmirmiş. Buna görə həmin qadın onu dəfələrlə döyub. Biz Anjelinanı tibbi ekspertizaya apardıq. Uşağın zorakılığa məruz qaldığı təsdiqləndi. Həmin qadın bunu boynuna almadı. Hər şeyi üstündən atdı”.



Ə.Tağıyeva Anjelinanın kimliyini təsdiq edən sənədin olmadığını söyləyib: “Onun heç bir hüquqi sənədi yoxdur. Buna görə təhsil ala bilmir. Hazırda məhkəmə prosesi gedir. Yaşını təyin etdirib, doğum şəhadətnaməsi alacağıq. Ümumiyyətlə, bu vaxta qədər uşağa doğum haqqında şahadətnamə açılmayıb. Anjelina orta məktəbə hazırlanır. Doğum haqqında şəhadətnamə alan kimi Anjelina məktəbə gedəcək”.



Daha sonra balaca Anjelina ilə söhbət etdik. O, sığınacağa gəlişindən məmnundur. Digər uşaqlar kimi şeir öyrənir, mahnı oxuyur, onlarla birgə oynayır. Anjelina məktəbə gedəcəyi günü isə səbirsizliklə gözləyir. Hətta o, gələcəkdə həkim olmaq istəyir.

PS: Sığınacaqdan hazırladığımız reportajın ikinci hissəsi yaxın günlərdə dərc olunacaq.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Uşaq   Sığınacaq  





Xəbər lenti