İsa Qəmbərin keçmiş müavini müxalifətə inanmır

İsa Qəmbərin keçmiş müavini müxalifətə inanmır
  06 Dekabr 2017    Oxunub:2661
Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq artıq başlayıb. Digər siyasi partiyalardan fərqli olaraq hakim Yeni Azərbaycan Partiyası (YAP) indidən seçkiyə hazırlaşır.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, partiya artıq seçkiyə hazırlıqlara start verib. Onun sözlərinə görə, YAP-ın təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib:
“Yeni Azərbaycan Partiyası seçkilərə 1 il qalmış öz fəaliyyətini tamamilə seçkiyə yönəldir. Bu məqsədlə partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə YAP-ın rayon və şəhər təşkilatları qarşısında konkret vəzifələr qoyuldu, partiyanın yerli strukturlarının nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verildi. 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlərin müzakirəsi çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələr konkret şəkildə müəyyən olundu”.

Müxalif düşərgədə seçki hazırlıqları gözə dəymir. Əksinə radikallar arasında parçalanma getdikcə dərinləşir. Müxalif partiya sədrlərinin seçkiyə qatılıb-qatılmayacağı bəlli deyil. Bu, onunla izah oluna bilər ki, müxalifət sosial bazadan tamamilə məhrum olub, xalq onlardan üz döndərib.

Müsavat başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir k, bu gedişlə müxalifət yanmış körpüləri bərpa edə bilməyəcək.

“2018-ci il Azərbaycanda prezident seçkiləri ili olsa da, müxalifətin nəzərə çarpaçaq tərpənişi hiss olunmur. Bu da onların sonda acı reallıqla barışmalı olacağının bariz göstəricisidir. Əgər müxalifət 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəksə, namizəd irəli sürəcəksə, hazırlıqlara indidən başlamalıdır. Bu yaxınlarda İsa Qəmbər ziyalılara müraciət edərək onları məsləhətləşmələrə çağırmışdı. Nəticəsinin nə olduğu barədə məlumatsızam. Amma, bunun bir nəticə verəcəyini düşünmürəm. Hesab edirəm ki, hamı ilə məsləhətləşmək olar. Amma əsas olan öz aralarında ümumi dil tapmaqdır. Müxalifət daxilən bütövləşmədən xalqla yanmış körpüləri bərpa edə bilməyəcək”, - deyə Q.Hüseynli vurğulayıb.

Keçmiş müsavatçı qeyd edib ki, müxalifətin seçkiyə vahid namizədlə getməsi indiki durumda real görünmür: “Bu danışıqların nəticəsindən asılı olaraq sosial bazaya nəsə söyləmək olar. Amma, düşünmürəm ki, müxalifət bu dəfə seçkiyə vahid namizədlə qatıla biləcək. Çünki hazırda düşərgədə vəziyyət olduqca qəlizdir. Ona görə də indiki durumda müxalifətin vahid namizəd üzərində razılığa gəlinməsi o qədər də mümkün görünmür”.

Q.Hüseynli müxalifət daxilindəki parçalanmanın səbəbini izah edir. Bildirib ki, daxili intiriqalar bunu diqtə edir: “Onların ambisiyaları müəyyən praqmatik addımlar atmağa imkan vermir. Hər kəsin özü haqqında o qədər yüksək fikirdədir ki, kompramis axtarmağa imkan vermir. Nəticə etibarı ilə onlardan biri irəli çıxaraq deyir ki, gəlin, mənim ətrafımda birləşin. Əsas məqsədləri müxalifət düşərgəsində liderliyi ələ keçirmək, özlərinin birinciliyini təsdiq etmək və yerdə qalanlara öz iradələrini diqtə etməkdir. Bu da işin pozulmasında əsas rol oynayır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qabil-Hüseynli   Politoloq   Seçki   Müxalifət  





Xəbər lenti