Hicran Hüseynova Ərdoğanla eyni tədbirdə - Fotolar

  06 Dekabr 2017    Oxunub : 439
Hicran Hüseynova Ərdoğanla eyni tədbirdə - Fotolar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 05 dekabr 2017-ci il tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən “2-ci Beynəlxalq İş-də Qadın Zirvəsi” adlı beynəlxalq sammitdə iştirak edir.

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, sammit Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, dörd qitədən nazir, iş qadını, sahibkar qadınlar və akademik səviyyəsində şəxslərin iştirakı ilə keçirilir. Sammitdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hicran HüseynovaMilli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı təmsil ediblər.



Açılış nitqi ilə çıxış edən Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bu proqramın qadınların problemlərinin həlli istiqamətində önəmli bir fərqlilik yaradacağına inandığını vurğulayıb. O qeyd edib ki, bugün burada öz fəaliyyət sahəsi üzrə cığır açan, uğurlara imza atan, digər qadınlara nümunə olan bir çox qonağımız iştirak edir. Qadın hüquqlarının qorunmasında Türkiyənin əldə etdiyi nailiyyətlərdən danışan Prezident Rəcəb Tayyib Ərdoğan bu uğurların ölkəsinin böyük sərvəti olduğunu qeyd edib. O bildirib ki, qurucusu və rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası həmişə qadınların hüquqlarına, onların əməyinə, cəmiyyətdəki yerinə və roluna diqqət və qayğı ilə yanaşıb. Respublika quruluşunun formalaşmasında və inkişafında böyük şücaət göstərən Türkiyə qadınlarının 2016-cı ilin yayında dövlət çevrilişinə cəhd zamanı küçə və meydanlara axışaraq mətin idarə nümayiş etdirdiklərini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, AKP bundan sonra da ölkədə qadın siyasətinə xüsusi önəm verəcək.



Türkiyə Respublikası Ədalət və İnkişaf Partiyasının Qərargahının Qadın Qolları Şurasının sədri Lülfiyə Selva Çam bildirib ki, dövlətin verdiyi imkanlarla öz bizneslərini quran və qurduqları biznesi daha da gücləndirən yüzlərlə nümunəvi sahibkarın iştirak etdiyi proqramda uğurlu karyeralara sahib qadınlar öz hekayələrini danışacaqlar. O bildirib ki, 5 dekabr tarixində 83 il əvvəl türk qadını seçmək və seçilmək hüququnu əldə etsə də, həqiqi ədalətli və bərabər şəkildə ayrı-seçkiliyin tamamilə ləğv edildiyi gün, 2013-ci il, oktyabrın 1-i tarixidir. Buna görə də, hər iki günü bu gün birlikdə qeyd etmək doğru olardı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və partiyanın sədr müavini, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, eyni zamanda, Partiyanın Siyasi Şurasının, Qadınlar Şurasının və hər bir vətəndaşının salamlarını çatdırıb.



O qeyd edib ki, hər bir vətəndaşın haqlarını qorumaq, dövlətin maraqlarını müdafiə etmək Türkiyə Respublikası Ədalət və İnkişaf Partiyasının və onun rəhbərlərinin əsas amalıdır. Partiya fəaliyyət göstərdiyi illər ərzində ortaya böyük iradə və güc qoyaraq yalnız daxili siyasətdə deyil, həm də xarici siyasətdə böyük uğurlar əldə etmişdir. Komitə sədri Yeni Azərbaycan Partiyası haqqında məlumat verərək diqqətə çatdırıb ki, XX əsrin 90-cı illərində, ölkəmizdə çox gərgin bir zamanda ziyalıların təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xalqın dərin nüfuzunu qazanmışdı: “25 illik tarixə malik Partiya bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynayır. Fərəhli haldır ki, YAP üzvlərinin yarıya qədərini qadınlar təşkil edir. Və artıq 22 ildir ki, fəaliyyət göstərən YAP Qadınlar Şurası xalqımızın həyatında baş verən bütün taleyüklü məsələlərdə yaxından iştirak edirlər. AK Partiyası Qərargahının Qadın Qolları Şurasının üzvləri kimi, YAP Qadınlar Şurasının üzvləri də seçki kampaniyalarında qadınların fəallığının artması, qadın iştirakçılığının yüksədilməsi, qadın sahibkarlığının inkişafı istiqamətində maarifləndirmə işlərinin aparılmasında, cəmiyyəti narahat edən sosial və ictimai xarakterli tədbirlərin təşkilində aktiv iştirak edirlər.



Hicran Hüseynova bildirib ki, Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir. 100 il əvvəl nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrində və ABŞ-da kadınların belə bir hüququ yox idi. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 116 il bundan qabaq Bakıda yaradılmışdır.” O qeyd edib ki, bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında kadınların daha aktiv fəaliyyəti üçün imkanların yaradılmasıdır. Çünki artıq bu bir həqiqətdir ki, gender bərabərliyinin yüksək səviyyədə olduğu ölkələrdə iqtisadi artım sürətlə baş verir. Qadınların daxil olduğu sülh müqavilələri daha çox başarı ilə bitir. Qadınların çoxluqda təmsil olunduğu parlamentlərdə müzakirə edilən məsələlərin mövzu dairəsi daha geniş olur, buraya sağlamlıq, təhsil, ayrı-seçkiliyin ləğvi, uşaqlara dəstək, qərarların qəbulunda humanist yanaşma daxildir. Sonra qadın əməyinə və qadınların cəmiyyətdəki yerinə və roluna həsr edilən film göstərilib. Məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə, beynəlxalq aləmdə tanınan bir qrup qadına mükafatlar təqdim olunub. Daha sonra Sammit panel iclaslarla işini davam etdirib. Professor Beril Dedeoğlunun sədrliyi ilə keçirilən “Türkiyədə və dünyada qadın məşğulluğunun artırılmasına yönəlmiş çalışma modelləri, iş dünyasında gender bərabərliyini təmin etməyə dair hüquqi baza və qadın sahibkarlığı nümunələri” mövzusunda keçirilən paneldə Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, əmək və sosial müdafiə naziri Jülidə Sarıeroğlu, İslamabad Qadın Ticarət Palatasının təsisçisi və rəhbəri Samina Fazil və başqaları çıxış ediblər.



Bu panelde Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti haqqında məlumat verib. Eyni zamanda ölkə başçısının rəhbərliyi ilə qadınların qərarqəbuletmə və idarətetmədə iştirakçılığının artırılması, eləcə də qadınların biznes sahəslərinə fəal cəlb edilməsi istiqamətində görülən mühüm işləri, qanunvericilik bazasını diqqətə çatdırıb. O, hər 5 ildən bir keçirilən Azərbaycan Qadınlarının Qurultaylarını xüsusilə qeyd edib. Hicran Hüseynova bildirib ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyəti fonunda ötən 26 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir: “Son illər ərzində həyata keçirilən davamlı və uğurlu siyasət öz müsbət töfhələrini vermişdir. Qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalına, hələ də aqressiv siyasətin davam etməsinə, dörd yüz əlli mindən çox qadını, üç yüz doqquz mindən çox uşağı əhatə edən 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun, və xüsusilə də sahibkarlığın inkişafı bu artımı təmin edir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.”



Samit çərçivəsində Hicran Hüseynovanın Türkiyənin və digər ölkələrin rəsmi şəxsləri ilə görüşləri olub. Komitə sədri Azərbaycan Dostluq Qrupunun Başkanı Necdet Ünüvar, Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya və Türkiyə Respublikası Ədalət və İnkişaf Partiyasının Qərargahının Qadın Qolları Şurasının sədri Lülfiyə Selva Çam ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşıdakı birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Saray Əngəlsiz Yaşam Mərkəzi və Sevgi Evinə ( 14-18 yaraşarısı uşaqlar üçün dövlət tərəfindən yaradılan xüsusi evlər ) ziyarət edilərək, sağlamlıq imkanları məhdud uşaqlara və xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkilib.

AzVision.az

Teqlər: Hicran-Hüseynova   Türkiyə