“Trampın Qüdslə bağlı qərarı İsrailin maraqlarına ziddir” - Politoloq

“Trampın Qüdslə bağlı qərarı İsrailin maraqlarına ziddir” - Politoloq
  07 Dekabr 2017    Oxunub:2599
“ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair bəyanatı reallığa çevrilərsə, bu, Yaxın Şərqdə yeni qalmaqala səbəb olacaq”.

Bunu AzVision.az-a politoloq Fikrət Sadıqov ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, qərar Fələstinlə yanaşı, digər ərəb dövlətlərinə qarşı yönəlib.
“Fələstin rəsmiləri artıq bəyan edib ki, onlar ABŞ-ın vasitəçiliyindən imtina ediblər. ABŞ prezidentinin belə qərəzli mövqeyi İsrail-Fələstin probleminə öz mənfi təsirini göstərəcək. Hesab edirəm ki, bu bəyanat Fələstindən başqa digər ərəb dövlətlərinə də zərbədir. Ərəb ölkələri heç vaxt bununla razılaşa bilməzlər. Hətta ABŞ-ın yaxın müttəfiqi Səudiyyə Ərəbistanı bəyanatla çıxış edərək qərara etiraz edib”.

F.Sadıqovun fikrincə, Trampın Qüdslə bağlı qərarı hətta İsrailin maraqlarına da ziddir: “Ola bilsin ki, Tramp seçkiqabağı kampaniya zamanı yəhudi lobbisinə bu barədə söz verib. Fikrimcə, ABŞ-da yaşayan sağlam düşüncəli yəhudilər anlayırlar ki, bu qərar İsrailin maraqlarına ziddir. Çünki, qərar regionda yeni qalmaqla səbəb olacaq, sabitlik pozulacaq. Hətta münaqişə yenidən alovlana bilər. Bir sözlə, Trampın atdığı addım Yaxın Şərqdə stabilliyin bərpa olunmasına zərbə vuracaq. Təsadüfi deyil ki, Qərb dövlətlərinin rəhbərləri Trampa qarşı bəyanatlarla çıxış ediblər. Xüsusilə, Almaniya, Fransa, İngiltərə, Avropa İttifaqının rəsmiləri qərarı pisləyiblər. Onlar hesab edirlər ki, Trampın atdığı addım yalnışdır. Çünki, müvəqqəti stabilliyə zərbədir. Görünür, bu reallığı bəzi siyasətçilər ya qəbul etmək istəmirlər, ya da dərk etmirlər”.

Politoloq məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilməsi planlaşdırılan iclasdan gözləntilərini açıqlayıb: “İclasdan sonra ola bilər ki, Trampın bəyanatı yerinə yetirilmədi. Bəllidir, bir sıra ölkələr səfirliklərini Qüdsə köçürmürlər, bunun təhlükəli olduğunu dərk edirlər. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib ki, Qüdsün taleyi danışıqlar yolu ilə həll edilməlidir. Əgər beynəlxalq hüquq normaları varsa, məsələ bu şəkildə həll olunmalıdır. Tramp hesab edir ki, danışıqları pozmaq lazımdır. Onun qərarı Qüdslə bağlı danışıqları pozmağa hesablanıb. Əminəm ki, məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə olunsa, ABŞ-ın əleyhinə tənqidi fikirlər səslənəcək. Əslində bu qərar ABŞ-ın maraqlarına da ziddir. Məlumatlara görə, dövlət katibi və digər rəsmilər Trampın qərarına qarşıdırlar və bəyanatla razılaşmırlar”.

F.Sadıqov hesab edir ki, Trampın qərarı özünün söylədiyi kimi sülhə xidmət etməyəcək: “Bu qərar sülhə xidmət etmir. Aydın görünür ki, qərar birmənalı olaraq qalmaqala və stabilliyin pozulmasına gətirib çıxaracaq”.

Elvin Abdulqədirov
AzVision.az




Teqlər: Tramp   ABŞ   Qüds   Fikrət-Sadıqov  





Xəbər lenti