23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb

23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb
  07 Dekabr 2017    Oxunub:1040
"Bu ilin 9 ayında bələdiyyələrə metodoloji yardım, onların maarifləndirilməsi məqsədilə 140-a yaxın seminar, diskussiya, görüşlər keçirilib, bu tədbirlərdə 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib"
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu Qəbələdə keçirilən “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, təhlillər göstərir ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlıdır. İnzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub.

Diqqətə çatdırılıb ki, hələ də bəzi bələdiyyələr tərəfindən bələdiyyənin mülkiyyət hüququ tanınmadan, yaxud müvafiq rəylər alınmadan torpaq sahəsinin satılması və ya icarəyə verilməsi haqqında, satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların satılması haqqında qərarlar qəbul edilir, torpaqların bazar qiymətindən aşağı satılması, bələdiyyə qərarlarında müsabiqənin şərtlərinin müəyyən edilməməsi, bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısının alınmaması hallarına yol verilir, mülki dövriyyədə olan torpaqlarla bağlı əhali vaxtında məlumatlandırılmır. Məhz bu kimi hallara yol verildiyinə görə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının təkliflərinə əsasən bu ilin 9 ayında 2162,5 hektar torpaq sahəsi ilə bağlı qanunsuz qərarlar ləğv olunub. İnzibati nəzarətlə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ötən dövründə 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduğuna görə toplanmış materiallar istintaq orqanlarına göndərilib.

AzVision.az


Teqlər: Bələdiyyə   Ədliyyə-Nazirliyi  





Xəbər lenti