Azərbaycanla Macarıstan arasında sənədlər imzalanıb

Azərbaycanla Macarıstan arasında sənədlər imzalanıb
  08 Dekabr 2017    Oxunub:1002
ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.

Nazirlər iki ölkə arasında gündəlikdə olan məsələlərə nəzər salıblar və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin, Azərbaycanla Macarıstan arasında təhsil sahəsində son illər əldə edilən uğurları təqdir ediblər.

Azərbaycanla Macarıstan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyinə toxunan nazirlər, bu istiqamətdə səylərin artırılacağını bildiriblər.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən, xüsusən də bu xüsusda dünən baş tutan görüşlərindən söz açıb və münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.

Görüşdən sonra Nazirlər Azərbaycan Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında saziş və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar.

AzVision.az


Teqlər: XİN   Azərbaycan   Macarıstan  





Xəbər lenti