Leyla Yunusu ifşa edən kitab - VİDEO+FOTOLAR

Leyla Yunusu ifşa edən kitab -  VİDEO+FOTOLAR
  08 Dekabr 2017    Oxunub:9967
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qəmbərovun Leyla Yunusun məhbəs həyatı barədə qələmə aldığı "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı Azərbaycan, rus, ingilis və fransız dillərində hazırlanan kitabın təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, hüquq müdafiəçiləri, QHT rəhbərləri və digər şəxlər iştirak edirlər.



Mərasimdə çıxış edən müəllif bildirib ki, təxminən 1 il 6 aya yaxın müddət ərzində hüquqlarını müdafiə etdiyi Leyla Yunusun ermənipərəst və anti-Azərbaycan qüvvələrinin əlində alət olmasının canlı şahidi olub.

Millət vəkili Çingiz Qənizadə isə deyib ki, Leyla Yunus heç bir hüquq müdafiəçisi ilə normal münasibətdə olmayıb, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb:

"Leyla Yunus həmişə öz maraqlarını hər şeydən üstün tutub. Biz həmişə düşünürdük ki, hər hansı məhbusa görə gedib xaricdə kimlərləsə oturub danışmaqla məsələ həll etmək düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq Leyla Yunus bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi bu olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın”.



Millət vəkili bildirib ki, Leyla Yunus özünün görmədiyi hadisəni qələmə alıb və onu xaricə satmaqla pul qazanıb: “Belə hüquq müdafiəçisi olmur. Mənə bir adam göstərin ki, Leyla Yunus onu müdafiə edib, azadlığa buraxdırıb. Onun məqsədi həmişə özünün şəxsi maraqlarına xidmət etmək olub. Bu adam "Saxarov" mükafatı almağı düşünür. Leyla Yunus bir adama da kömək etmədiyi halda belə mükafat almağa çalışır. Bu gün təqdim olunan kitabda gördüm ki, bu adam haqqında yanılmamışam. Leyla Yunus özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub. O, müxtəlif adlar altında xaricdən qrantlar alıb və pulları ölkədən çıxarıb”.

Ç.Qənizadə vurğulayıb ki, Leyla Yunus həmişə ədəbsiz hərəkətləri ilə yadda qalıb.



Təqdimat mərasimində çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb.



Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, Leyla Yunus hər zaman Azərbaycana qarşı satqınçılıqla məşğul olub. Deputat deyib ki, Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: “Kitabda Leyla Yunusun iç üzü tam aydın göstərilib, onun Azərbaycana qarşı xəyanəti, satqınçılığı qabarıqlığı ilə əks olunub”.

Təqdimatda çıxış edən Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı vurğulayıb ki, Leyla Yunus ermənidən daha betərdir. O deyib ki, Leyla Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzər şəxslər var: "Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Biz yeni Leyla Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir”.

Tədbirdə çıxış edən digər iştirakçılar da Leyla Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınçılığından danışıblar. Qeyd olunub ki, Leyla Yunus həmişə xarici dairələrin, erməni lobbisinin əlində alət olub, Azərbaycana qarşı istifadə olunub. Bildirilib ki, Leyla Yunus öz çirkin əməlləri ilə ölkəmizə zərbə vurmağa çalışıb, hər zaman öz maraqlarını hər şeydən üstün tutub, hüquq müdafiəçisi adı altında varlanmağa çalışıb. Onun üçün vətən, hüquq anlayışları sadəcə pul qazanmaq üçün bir vasitə olub.







Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Leyla-Yunus  





Xəbər lenti