Pilot ərazilərdə sağlamlıq həftələri başa çatıb

  08 Dekabr 2017    Oxunub : 355
Pilot ərazilərdə sağlamlıq həftələri başa çatıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 noyabrda hipertoniya və sağlam qidalanmaya, 20 noyabr-03 dekabr 2017-ci il tarixində isə xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Agentlikdən AzVision.az–a verilən məlumata görə, hipertoniya və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2804 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. “Bu həftələr müddətində 425 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.

Müraciət edən vətəndaşların 81 nəfəri 0-15 yaş, 194 nəfəri 16-25 yaş, 338 nəfəri 26-35 yaş, 402 nəfəri 36-45 yaş, 652 nəfəri 46-55 yaş, 1004 nəfəri 56-70 yaş arasında, 133 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 809 nəfər son 1 ay, 734 nəfər son 3 ay, 439 nəfər son 6 ay, 391 nəfəri son 1 il, 171 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 104 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunmuşdur. Belə ki, ümumi müraciət etmiş 2804 nəfərdən 1982 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.

Müraciət etmiş 2804 nəfərdən 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb. Onların müvafiq müalicəyə başlanması təmin edilib”.

Məlumatda bildirilib ki, xolesterinin profilaktikası və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 2674 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. “Bu həftələr müddətində 370 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.

Müraciət edən vətəndaşların 170 nəfəri 0-15 yaş, 236 nəfəri 16-25 yaş, 335 nəfəri 26-35 yaş, 406 nəfəri 36-45 yaş, 469 nəfəri 46-55 yaş, 924 nəfəri 56-70 yaş arasında, 134 nəfəri isə 70 yaşdan yuxarı olublar.

Bu həftələrdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 1384 nəfər son 1 ay, 594 nəfər son 3 ay, 193 nəfər son 6 ay, 205 nəfəri son 1 il, 161 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 36 nəfər təşkil edib. 101 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Ümumi müraciət etmiş 2674 nəfərdən 2171 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.

2674 nəfərdən 383 nəfərində qanda xolesterinin miqdarının yüksək olduğu (hiperxolesterinemiya) müəyyən edilmişdir və müvafiq müalicəyə başlanması təmin edilmişdir. 35 nəfərdə xolesistit (öd kisəsinin iltihabı), hepatosteatoz (qaraciyər piylənməsi), meteorizm (köp) əlamətləri müşahidə edilmiş və müvafiq tövsiyələr verilib”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Tibbi-Sığorta