Aprel döyüşləri Ermənistan ordusunu parçalayır

Aprel döyüşləri Ermənistan ordusunu parçalayır
  08 Dekabr 2017    Oxunub:5720
Son günlər Ermənistanın rəhbərliyində ciddi dəyişikliklərin olacağı, bəzi generalların istefaya göndəriləcəyi müzakirə olunur. İşğalçı ölkənin müdafiə naziri Vigen Sarkisyan mətbuata açıqlamasında bildirib ki, baş qərargah rəisinin müavini Haykaz Bağmanyan işdən azad edilmə haqqında ərizə yazıb.
Mətbuatda yer alan digər məlumata görə, Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın işdən çıxarılacağı gözlənilir. Bunlarla yanaşı yaxın günlərdə Ermənistan ordusunun Baş Qərargah rəisi, general-leytenant Movses Hakopyanın da postunu itirəcəyi deyilir. İddia edilir ki, rəhbərlik onun fəaliyyətindən narazıdır. Görünən odur ki, aprel döyüşlərindən sonra Ermənistan ordusu hələ də özünə gələ bilmir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair RamaldanovAzVision.az-a bildirib ki, Ermənistanda müdafiə naziri və müəyyən vəzifəli şəxslərin dəyişməsi aprel döyüşlərinin acı nəticələri ilə əlaqədardır.

Ekspertin fikrincə, aprel döyüşlərindən sonra Ermənistanın Müdafiə Nazirliyində baş verən dəyişikliklər hələ də davam edir: “Ermənistanın dövlət rəhbəri başda olmaqla ictimaiyyətə vəd vermişdilər ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqları geri qaytaracaqlar. Görünən odur ki, aprel döyüşlərindəki məğlubiyyətlərini həzm edə bilmirlər. Bu baxımdan Ermənistan Müdafiə Nazirliyində müəyyən dəyişikliklər getdi. Bundan sonra diversiya hücumlarına cəhd etdilər və bunların hər birinin qarşısı alındı. Bu addımlar yenə də onların itkiləri ilə başa çatdı. Ermənistan rəhbərliyinin verdiyi vədi yerinə yetirə bilməməsi ictimaiyyət arasında onların nüfuzunu heçə endirib. Təbii ki, bu məsələlər ictimaiyyəti narahat edir”.



Ş.Ramaldanov qeyd edib ki, Ermənistanda keçirilən son təlimlərin uğursuz olması da, bu dəyişikliklərə təsir edib: “İşğalçı ordu tərəfindən mütəmadi olaraq təlimlər keçirilir. Son təlimləri Ermənistan prezidenti Serj Sarkisyan da izləyib. Hərbi analitiklərin bu təlimlərə olan münasibətindən görünür ki, təlimlər zəif olub. Təlimlərdə çoxlu sualların ortaya çıxması bizim tərəfdən də müşahidə olundu. Rəhbərliyin istədiyi nəticələri görməməsi, təlimlərin zəif olması, bu dəyişikliklərə təsir edib. Dəyişikliklərlə cəmiyyətin fikrini yayındırırlar. Guya hansısa tədbirlər görülür. Ümumilikdə isə aprel döyüşlərindən sonra işğalçı qüvvələrdə və rəhbərlikdə inamsızlıq hökm sürür”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti