Bakı şəhər prokurorluğunda Heydər Əliyevin xatirəsi anılıb

  11 Dekabr 2017    Oxunub : 1033
Bakı şəhər prokurorluğunda Heydər Əliyevin xatirəsi anılıb
Bakı şəhər prokurorluğunda Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə Bakı şəhər prokuroru İlqar Abbasov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə geniş məlumat verib.

Şəhər prokuroru xüsusi vurğulayıb ki, şərəfli və mənalı ömür yolunun 30 ildən artıq dövrünü xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ümummilli lider tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə edib, öz layiqli və hərtərəfli, təminatlı gələcəyinin bütün əsaslarını yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olub.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin dahiliyi, zəngin idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir. Ümummilli lider, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və hərtərəfli qayğı göstərilir.

Çıxışının sonunda İ.Abbasov qeyd edib ki, Bakı şəhər prokurorluğunun kollektivi ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə uğurlu siyasəti daim dəstəkləyəcək.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirilib.

AzVision.az

Teqlər: Prokurorluq   Bakı