Mehriban Əliyeva Dimitri Kerkentzes ilə görüşüb
Ümumdünya “Expo-2025” üçün Bakının da öz namizədliyini irəli sürdüyünü deyən Birinci vitse-prezident ölkəmizin bu sahədə zəngin təcrübəsini qeyd etdi. Bildirdi ki, son illərdə Bakı bir neçə beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. “Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi göstərir ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”, - deyən Mehriban Əliyeva “Expo-2025”in Bakıda təşkili təşəbbüsünün həm dövlət qurumları, həm hökumət, həm də cəmiyyət tərəfindən dəstəkləndiyini vurğuladı. Birinci vitse-prezident ölkəmizin sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusunun dünya üçün aktuallığını qeyd etdi. Dimitri Kerkentzesin ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini deyən Mehriban Əliyeva onun “Expo-2025” sərgisi ilə bağlı təkliflərinin və tövsiyələrinin ölkəmiz üçün çox faydalı olacağına əminliyini ifadə etdi. Bildirdi ki, gələn il ölkəmizi növbəti mərhələ - qiymətləndirmə missiyasını qəbul etmək və görülən işlər barədə məlumat təqdim etmək gözləyir. Bu baxımdan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavininin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Dimitri Kerkentzes qeyd etdi ki, Azərbaycan dövlətinin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının “Expo-2025”ə namizədliyini irəli sürməsi ilə bağlı tədbirləri dəstəkləməsi Azərbaycanın bu layihəyə önəm verdiyini nümayiş etdirir.
AzVision.az
Teqlər: Mehriban-Əliyeva