"Hazırda sıralarımızda 170 "ABAD"çı var" - Rüfət Elçiyev

"Hazırda sıralarımızda 170 "ABAD"çı var" - Rüfət Elçiyev
  13 Dekabr 2017    Oxunub:4568
“İmzalanan layihənin 3 il müddətinə həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, 2020-ci ilədək Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək. Dəstək ABAD xidmətləri vasitəsilə həyata keçiriləcək”.
AzVision.az xəbər verir ki, bunu ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib. ABAD-ın direktoru bildirib ki, bu insanlar faktiki olaraq sahibkarlıq subyektlərinə çevrilərək Azərbaycan iqtisadiyyatına töhfə verəcəklər.

“BMT-nin daimi inkişaf məqsədlərinə qismən nail olunması nəzərdə tutulur. Layihə çərçivəsində ailələrin brendləri yaradılacaq, məhsulları istehsal olunacaq və satışa çıxarılacaq. Bu layihənin maliyyələşməsini 3 tərəf həyata keçirəcək. Əsas maliyyə partnyoru qismində Avropa İttifaqı çıxış edir. BMT-nin İnkişaf Proqramı bu layihə çərçivəsində icraya nəzarət və maliyyə xərclərini öz üzərinə götürən tərəfdir. ABAD publik hüquqi şəxs agentlik tərəfi isə icraçı tərəfdir və bütün bu layihəni icra edəcək".

R.Elçiyev qeyd edib ki, hal-hazırda sıralarımızda 170 "ABAD"çı var ki, onlardan 25-i kənd təsərrüfatı istehsalı ilə məşğul olur: "Digər mütləq əksəriyyət sənətkarlıqla məşğul olan "ABAD"çılardır. Bundan başqa, 5 sərgi-satış mərkəzlərindən əlavə "Bravo" mağazalar şəbəkəsində də bizim "ABAD"çıların məhsullarının satışı həyata keçirilir. Ötən müddət ərzində bütün məhsulların satış dövriyyəsi 320 min manata çatıb. Bu göstəricinin 230 minə qədəri "ABAD"çılarımızın bank hesabına köçürülüb".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ABAD   Direktor   Rüfət-Elçiyev  





Xəbər lenti