Daxili asayişi hansı qüvvələr qoruyacaq? – Qanunun şərhi

  13 Dekabr 2017    Oxunub : 5023
Daxili asayişi hansı qüvvələr qoruyacaq? – Qanunun şərhi
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi hazırlanır. Dekabrın 15-də müzakirəyə çıxarılacaq layihənin 4-cü (“Silahlı Qüvvələrin əsas vəzifələri”) maddəsində göstərilir ki, Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.
Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir. Bu maddə mediada və bəzi saytlarda yanlış şərhlərə yol açıb. Belə ki, yeni qanuna əsasən guya Silahlı Qüvvələrin “daxili siyasi sabitliyin və ictimai asayişin təmin edilməsində iştirak edəcəyi” bildirilib.

İlk növbədə qeyd etmək lazımdır ki, 1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan Ordusunun hüquqi əsaslarını müəyyən edirdi. 2016-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş dəyişiklikliyə uyğun olaraq, Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirildi və Silahlı Qüvvələrin Azərbaycan Ordusundan, eləcə də digər silahlı birləşmələrdən ibarət olduğu göstərildi.

Konstitusiyaya dəyişiklik ediləndən sonra Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni Qanun layihəsinin hazırlanması gündəmə gəldi. Layihə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Sənəddə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan Ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir.

Layihədə göstərilir ki, Azərbaycan Ordusunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, “başqa silahlı birləşmələr” dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.

Qanun layihəsində başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq ediləcəyi bildirilir.

Layihədə Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir.

Öz növbəsində, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla - yəni “Azərbaycan Ordusu haqqında” “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında” “Sərhəd mühafizə orqanları haqqında” və digər hərbi qanunlarla tənzimlənəcək.

AzVision.az

Teqlər: #Qanun   #Silahlı-qüvvələr