Latviyanın xarici işlər naziri: "Azərbaycana güvənirik"

Latviyanın xarici işlər naziri: "Azərbaycana güvənirik"
  13 Dekabr 2017    Oxunub:1929
Enerji təhlükəsizliyi və şaxələndirilməsi Avropa İttifaqının prioritetlərindən biridir. Biz enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik.
AzVision.az xəbər verir ki bu sözləri AzərTAc-a məxsusi açıqlamasında Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Azərbaycan ilə Latviya arasındakı əlaqələrin hazırkı vəziyyəti, eləcə də gündəlikdə olan məsələlər barədə danışan Latviyanın xarici işlər naziri deyib: “Biz ölkələrimiz arasında Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya, Latviya Prezidenti Raymond Veyonisin Azərbaycana səfəri ilə nəticələnən çox yaxşı əlaqələrdən məmnunuq. Xatırladım ki, mən də bu ilin fevralında əməkdaşlıq əlaqələrini müzakirə etmək üçün Azərbaycana səfər etmişdim. Əlaqələrimizin əsası çoxşaxəli əməkdaşlıq yaratmaqdan ibarətdir. İqtisadi əməkdaşlıq münasibətlərimizdə əsas rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Bu, əlaqələrimizin inkişafı üçün mühüm stimuldur”.

İqtisadi münasibətlərdən söhbət açan Edqars Rinkeviçs bu sahədə əməkdaşlığın və ticarət dövriyyəsinin siyasi əlaqələrimizin səviyyəsinə tam uyğun olmadığını bildirib: “2017-ci ildə Hökumətlərarası Komissiyanın iclası oldu. Bu görüşdə bir çox məsələləri müzakirə etdik. Əməkdaşlığımızın əsas tərəflərini tranzit, kənd təsərrüfatı, təhsil, turizmin təbliği təşkil edir. Azərbaycan və Latviya prezidentlərinin görüşü zamanı birgə investisiya qoyuluşu barədə müzakirələr aparıldı”.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının emalı, əczaçılığın inkişafı, müvafiq infrastrukturun yaradılması üçün əlverişli məkan olduğunu deyən xarici işlər naziri vurğulayıb ki, Latviya bu sahələrdə yaxşı təcrübəyə malikdir. Hər iki ölkənin paytaxtında ticarət evlərinin açılmasında ortaq maraq var. Bu ticarət evlərində bir çox məhsullar, eləcə də ərzaq məhsulları almaq mümkündür.

Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Edqars Rinkeviçs Latviyanın da Avropa ilə əlaqələri inkişaf etdirmək üçün tranzit infrastrukturunun yaradılmasına can atdığını bildirib: “Bu, daha çox perspektivlər açır, həmçinin İran, Hindistan və Çin ilə əlaqə üçün imkan yaradır. Belə layihələr Şərq Tərəfdaşlığının prioritetləridir və biz bu layihələri dəstəkləyirik. Bizim dəmir yolu infrastrukturunda ortaq maraqlarımız var. Bizim ölkəmiz də bundan iqtisadi cəhətdən faydalana bilər”.

“Cənub Qaz Dəhlizi”, TAP və regionda həyata keçirilən digər layihələrdən danışan xarici işlər naziri Latviyanın Aİ-nin üzvü olaraq alternativ enerji marşrutlarının yaradılmasını hər zaman dəstəklədiyini vurğulayıb.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən Latviyanın problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb: “Biz Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsinə ehtiyac olduğunu görürük. Hesab edirik ki, bu, daha müsbət həllə yol açacaq”.

AzVision.az


Teqlər: Latviya  





Xəbər lenti