Ermənilər Naxçıvanı Don sahilinə necə “köçürüblər”? - Tarixi hiyləgərlik

Ermənilər Naxçıvanı Don sahilinə necə “köçürüblər”? - Tarixi hiyləgərlik
  15 Dekabr 2017    Oxunub:17489
Universal elektron ensiklopedia olan “Vikipedia”nın məlumatına görə, 3 əsr bundan əvvəl ermənilərin Don çayının sahilində Naxçıvan adlı şəhərləri (Naxçıvan-na-Donu) olub. 1928-ci ildə Naxçıvan-na-Donu şəhəri Rostov-na-Donu şəhərinə birləşdirilib və Proletarnı rayonu adlandırılıb. Lakin özünün tarixi fərqlərini saxlayır, yəni şəhərin içərisində qədim şəhər kimidir.
Qeyd olunur ki, şəhər II Yekaterinanın əmri ilə Krımdan köçürülmüş ermənilər tərəfindən salınıbmış. Amma sual ortaya çıxır ki, Krımdan Don sahilinə köçürülən ermənilərin yaratdığı şəhərin adı niyə “Yeni Naxçıvan” olmalı idi?

Vikipediada şəhərlə bağlı bütün məlumatlarda sırf həmin şəhərin özünə aid qaynaqlara istinad olunur, kənar mənbə yoxdur. Bu da istər-istəməz doğurdan da əvvəllər belə bir şəhərin olub-olmaması, tarixinin nə qədər qədimlərə getdiyi barədə şübhə doğurur. Yəni istisna deyil ki, ermənilər bu “şəhəri” Naxçıvana dair ərazi iddialarının tərkib hissəsi olaraq sonradan “yaradıblar”.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, deputat Musa Qasımlı AzVision.az-a bildirib ki, Don çayı sahilində "Naxçıvan-na-Donu" adlı bir şəhər olmayıb, indi də mövcud deyil:

"Bu şəhərin bizim Naxçıvan ilə də heç bir əlaqəsi yoxdur. 1787-1791-ci illər rus-türk müharibəsi başa çatdıqdan bir neçə il sonra, 1799-cu ildə Rusiya imperatoru II Yekatrinanın verdiyi fərmana uyğun olaraq, Krım yarımadasından köçürülən ermənilər çarizm üçün "Qafqazın qapısı" hesab edilən Don sahilindəki Rostov qalasının ətrafında yerləşdirilib. Cənuba doğru genişlənmə strategiyasını həyata keçirən Çar hökuməti bu yolda ermənilərə bir vasitə kimi baxırdı. Ona görə də, gəlmələrə çoxlu güşəştlər edildi, onlar hətta vergidən azad olundular. Gəlmələr yerləşdirildiyi yeri "Nor-Naxçıvan" (nor - ermənicə yeni deməkdir), 1838-ci ildən isə "Naxçıvan-na-Donu" adlandırmağa başladılar. Lakin 1928-ci ildə bu kiçik qəsəbə Rostov-Don şəhərinin bir hissəsi oldu. İndi bu qəsəbə Rostov-Don şəhərinin bir məhəlləsidir. Küçədə, məişətdə ermənilər şəhərin yaşadıqları həmin hissəsinə "Naxçıvan-na-Donu" deyirlər, hətta eyni adlı bazar da mövcuddur.

Musa Qasımlı qeyd edib ki, ermənilərin bu məsələni yenidən gündəliyə gətirməsi Şimali Qafqazda cərəyan edən mürəkkəb proseslərlə bağlıdır: “Ermənilər Şimali Qafqazda Rusiyanın ayaqlarının altını qazırlar. Təəssüf olsun ki, Rusiyada bəzi dairələr hələ də ermənilərə inanmaqda və onları təşviq etməkdə davam edirlər".

Aytən Zəhra
AzVision.az



Teqlər: Naxçıvan   Vikipedia  





Xəbər lenti