“Qoy, Güc sənə yar olsun!” – “Ulduz Müharibələri”ni anlamaq üçün yol xəritəsi

  16 Dekabr 2017    Oxunub : 4831
“Qoy, Güc sənə yar olsun!” – “Ulduz Müharibələri”ni anlamaq üçün yol xəritəsi

“Ulduz Müharibələri” saqasının VIII epizodu olan “Sonuncu Ceday” hazırda kino dünyasının əsas hadisələrindən biridir. Üstəlik, franşizanın ilk filmi olan “Yeni Ümid”in ekranlara çıxmasından 40 il keçir.

Amma bir problem var ki, 70-80-ci illərin ilk trilogiyasına baxmayan gənc kinomanlar nəsli “Ulduz Müharibələri”nin mifologiyasını və fəlsəfəsini tam anlaya bilmədikləri üçün, yeni epizodlardan dolğun ləzzət ala bilmirlər. 70-80-ci illərin orijinal trilogiyası isə vizual effektlərə alışmış bugünkü tamaşaçıya texnoloji baxımdan son dərəcə primitiv göründüyündən, gənc nəsil ona sadəcə, baxmaq istəmir.

Ona görə də “Ulduz müharbələri”nin 40 yaşlı və böyük stajlı fanatı olan bəndəniz – yəni mən,- gənclər üçün bu saqanın dünyasına bir ekskursiya təşkil etmək qərarına gəldim.

“Ulduz Müharibələri”nin ilk trilogiyasına daxil olan filmlər 1977 (“Yeni Ümid”), 1980 (“İmperiyanın cavab zərbəsi”) və 1983-cü illərdə (“Cedayın dönüşü”) çəkiliblər. Film bütün dünyada fenomenal uğur qazanıb və kulta çevrilib. 90-cı illərin sonunda saqanı davam etdirmək fikrinə düşən rejissor Corc Lukas trilogiyanın davamını, yəni sikvelini yox, əvvəlini - yəni prikvelini ekranlaşdırır. Elan edir ki, əvvəl çəkdikləri əslində IV, V və VI epizodlardır, 1-ci, 2-ci və 3-cü epizodlar isə hər şeyin necə başladığını göstərəcək.

Beləliklə, 1999-cu ildə həm yeni trilogiyanın, həm də bütövlükdə “Ulduz Müharibələri”nin ilk epizodu – “The Phantom Menace” (Sezilməyən təhlükə) ekranlara çıxır. Ardınca “Klonların savaşı” (2002) və “Sithin qisası” (2005) gəlirlər.
Bu filmlərdə nədən söhbət gedirdi? Saqanı dünyada bu qədər fövqəlpopulyar edən nədir? Yəqin ki, onun unikal mifologiyası və fəlsəfəsi...

“Ulduz Müharibələri”ndəki hadisələr bizim yaşadığım reallıqda yox, fərqli kainatda baş verir. Həmin kainatda “Güc” adlanan bir sahə var, o, bütün məkanı, qalaktikaları əhatə edir. Canlılar həmin Güc ilə əlaqə yarada bilirlər, bir şərtlə ki, onların qanında “Midixlorian” adlanan kiçik mikroskopik varlıqlar olsun. Qanda midixlorianlar nə qədər çox olarsa, sizin Güc ilə əlaqəniz də bir o qədər möhkəm olacaq.

Güc ilə əlaqə yaradan canlılar unikal qabiliyyətlər əldə edirlər. Bunlardan ən vacibi telekinez (əşyaları uzaqdan hərəkət etdirmək)telepatiyadır (başqalarının fikirlərinə təsir etmək).

Güc ilə əlaqəsi yaranan insanlar kainatda çox az olduğu üçün, onlar bir-birini taparaq, iki fərqli, düşmən Ordendə birləşiblər: Cedaylar və Sithlər. Cedaylar Gücün işıqlı, Sithlər isə qaranlıq tərəfindən istifadə edirlər. Cedaylar Qalaktikada sabitliyi, demokratiyanı və respublikanı qorumağa çalışırlar, sithlər isə əksinə, həmin sabitliyi pozaraq, İmperiya qurmaq istəyirlər.

Saqanın əvvəlində - I epizodda Qalaktikada Respublika üsul-idarəçiliyi mövcuddur, Qalaktik Senat fəaliyyət göstərir, cedayların böyük bir təşkilatı və onu idarə edən Magistrlər Şurası var, onların da ən məşhuru müdrik ceday Magistr Yodadır.



Cedaylar Respublika quruluşunu Gücün qaranlıq tərəfinə xidmət edən sithlərdən qorumaq istəyirlər. Bir növ Respublikanın Təhlükəsizlik Xidməti missiyasını yerinə yetirirlər. Onların məşhur şüarı da var: “Qoy, Güc sənə yar olsun!(Let The Force be with you)

Sithlər isə həmişə ancaq iki nəfər olur – bir ustad, bir şagird. Çünki eqoları və hakimiyyət ehtirasları güclü olduğu üçün, sayları ikidən çox olanda özləri bir-birilərini öldürürlər.

Qalaktika Respublikasında sithlərin harada gizləndiyi məlum deyil, amma bəllidir ki, onlar ayrı-ayrı yerlərdə meydana çıxan konfliktləri pərdə arxasından idarə edirlər. Belə konfliktlərdən biri Nabu adlı planetdə yaşanır. Ticarət Federasiyanın rəhbərləri böyük sith Dart Sidiusun təhriki ilə planeti mühasirəyə alıblar. Köməyə gələn iki Ceday cəngavəri – ustad Kvay-qon Cinn və onun şairdi Obi-van Kenobi gənc şahzadə xanım Amidalanı götürüb, planetdən qaçıra bilirlər. Amma mühasirəni yaranda kosmik gəmiləri zədələnir və onlar Tatuin adlı planetə enmək zorunda qalırlar.



Həmin planetdə Enekin Skayuoker adlı balaca oğlan onlara sağ qalmaqda və gəmilərini düzəltməkdə kömək edir. Oğlanın qeyri-adi bacarıqlarından təəccüblənən Kvay-qon Cinn onun qanını yoxlayanda bəlli olur ki, Midixlorianlar hətta Master Yodada olduğundan da çoxdur. Onlar oğlanı özlərilə Qalaktikanın paytaxtı olan planet-şəhər Korusanta aparır və ona Ceday elmini öyrətməyə başlayırlar. Enekinin müəllimi Obi-Van Kenobi olur.

Bu arada arxasında sithlər dayanan Ticarət Federasiyası ilə Respublikanın arasında müharibə getdikcə qızışır. Ticarət Federasiyası döyüş qüvvəsi kimi daha çox droidlərdən, Respublika isə klonlaşdırılmış əsgərlərdən istifadə edir. Həmin əsgərlər Qalaktika senatının rəhbəri Palpatinin əmri əsasında yaradılıb və ağ zirehli geyimləri ilə seçilirlər.



Onlar Ceday generallarına tabedirlər, amma hər birinin beyninə xüsusi proqram yerləşdirilib ki, “Kod 66” sözünü eşidən kimi şəxsən Palpatinin əmrini yerinə yetirsinlər və cedayları qırmağa başlasınlar. Niyə?

Çünki sonradan məlum olacaq ki, əslində Qalaktika senatının rəhbəri Palpatin əslində böyük sith Dart Sidius imiş! Sadəcə, gəlib ən təhlükəsiz yerdə - düşmənlərinin burnunun ucunda oturub, öz qüvvələrindən eyforiyada olan cedaylar isə bunu hiss etməyiblər.

Enekin Skayuokeri görəndə Palpatin (Dart Sidius) hiss edir ki, əgər belə bir güclü cedayı özünə şagird edib, Gücün qaranlıq tərəfinə çəksə, onlar ikilikdə Respublikanı yıxıb, İmperiya qura bilərlər.



Bu arada Enekin Skayuoker və şahzadə Amidala bir-birini sevirlər. Enekin tez-tez yuxuda Amidalanın necə öldüyünü görür və onu itirməkdən çox qorxur. Senator Palpatin (Dart Sidius) tədricən söhbətlərilə Enekini öz tərəfinə çəkir, onu aldadır ki, əgər Gücün qaranlıq tərəfinə vaqif olsa, sevgilisini ölümün pəncəsindən qurtara bilər. Nəhayət, Enekin qərara gəlir ki, ona öz sevgilisini xilas etməkdə ancaq Gücün qaranlıq tərəfi yardım etməyə qadirdir.



Buna görə də Enekin Dart Sidiusun tərəfinə keçir, “Dart Veyder” adını qəbul edərək, sithə çevrilir, cedayların bir hissəsini öldürür, Ceday Məbədini yandırır. Dart Sidius (Senator Palpatin) klonlar ordusuna “Kod 66” komandasını verir və qiyam başlayır. Nəticədə Respublika devrilir, senat ləğv olunur, Dart Sidius və Dart Veyder ikilikdə İmperiya yaradırlar. Sevgi gənc və işıqlı Enekini dəhşətli Dart Veyderə çevirir!

Sağ qalan tək-tük cedaylardan Master Yoda məğlubiyyətin acısından ucqar bir planetə könüllü sürgünə yollanır. Respublikanın qalıqları İmperiyaya qarşı partizan müharibəsinə başlayırlar. Keçmiş şagirdi Enekin Skayuokeri (Dart Veyderi) məğlub etsə də, öldürə bilməyən Obi-Van Kenobi isə ayrı-ayrı dəstələr şəklində İmperiyaya müqavimət göstərən partizanlara qoşulur.



Şahzadə Amidala Enekinin qaranlıq tərəfə keçməsini qəbul etmir və bu, ona həyatı bahasına başa gəlir. Amma ölməzdən qabaq onun Enekindən (Dart Veyderdən) iki uşağı doğulur: Lük Skayuoker və Leya Skayuoker. Onlar ikisi də əsl ata və analarının kim olıduğunu bilmədən, İmperiyaya və onun bütün Qalaktikanı vahimə içində saxlayan baş hərbi komandanı Dart Veyderə (yəni elə öz atalarına) qarşı mübarizə aparırlar.

Dart Veyder və İmperator Dart Sidius bir atəşlə bütöv planeti məhv etməyə qadir olan “Ölüm Ulduzu” adlı dəhşətli silah yaradırlar. Bir neçə qiyamçı planet bu silahın vasitəsilə məhv edilir.



Əslində məqsədi imperiyaya qarşı mübarizə aparmaq yox, sadəcə pul qazanmaq olan Xan Solo adlı bir avantürist-pilot da (Harrison Fordun ən məşhur rollarından biridir) özünün “Min illik qartal” (Millennium Falcon) adlı kosmik gəmisi ilə partizanlara qoşulur. O, Leya Skayuoker ilə bir-birini sevirlər və bu sevgidən təbii ki, qanında Midixlorianların sayı xeyli çox olan bir (bəlkə də iki, burası hələ dəqiq deyil) uşaq doğulur.



Dart Veyder sonda Lük Skayuokeri ələ keçirib, İmperatorun yanına aparır və İmperator da ona əzab verməyə başlayır. Həmin məqamda Dart Veyderin atalıq hissi oyanır, içində qalmış işıq zərrəcikləri yenidən parlayır və o, Gücün İşıqlı Tərəfinə dönərək, öz ustadını öldürür. Ardınca oğlunun ətrini hiss etmək üçün maskasını çıxarır və özü də ölür. Beləcə, İmperiya çökür. “Ulduz Müharibələri”nin iki trilogiyası və orijinal saqa burada başa çatır.



2015-ci ildə sikvelin ilk seriyası ekranlara çıxdı. “Gücün Oyanışı” adlı 7-ci epizodda bəlli olur ki, İmperiyanın məhvindən sonra Qalaktikada Respublikanın bərpası mümkün olmayıb. “Yeni Respublika” və “Brinci Nizam” (The First Order) adlı iki mərkəz yaranıb. İmperiyanın davamçısı olan “The First Order” yeni respublikanı darmadağın edib, indi isə xırda müqavimət ocaqlarını məhv eləməklə məşğuldur. Müqavimət hərəkatına Leya Orqana (Skayouker) rəhbərlik edir və qardaşı – ustad Ceday Lük Skayuokeri axtarır. O, bəlkə də kainatda sağ qalan sonuncu cedaydır. Buna görə qaranlıq tərəf də ciddi şəkildə onun axtarışındadır.

“The First Order”in qoşunlarına isə Dart Veyderin nəvəsi, yəni Leya ilə Xan Solonun övladı Kaylo Ren başçılıq edir. O, çox qüvvətli bir Sithdir, Güc ilə möhkəm əlaqəsi var. Qaranlıq tərəfə sadiqliyini sübut etmək üçün hətta atası Xan Solonu da öz əlilə qətlə yetirir.



Əks tərəfdə isə cedaylar tamamilə darmadağın olublar, ümid ancaq Lük Skayokeri tapmağadır. Amma gənc partizan qız Rey də nə olduğunu tam başa düşməsə belə, özündə Güc ilə əlaqə hiss edir. O, güclü bir Ceday kimi yetişə bilər, buna görə də Lük Skayokeri axtarır, amma tapanda bəlli olur ki...



Hadisələrin bundan sonrası hazırda kinoteatrlarda nümayiş etirilən “Sonuncu ceday” adlı VIII epizodun mövzususu olduğu üçün, danışmaq düzgün çıxmaz. Ona görə, yekunda sadəcə, filmin fəlsəfəsi haqqında qısaca bir-iki söz demək istərdim.

Bu serial Gücün iki tərəfinin bir-biri ilə mübarizəsi haqqındadır. Cedaylar demokratiyanın, respublikanın, sabitliyin, Stihlər isə diktaturanın, imperiyanın, xaosun təmsilçiləridirlər. 80-ci illərin əvvəllərində, “Soyuq müharibə”nin gərgin vaxtlarında filmə siyasi rəng verənlər hətta cedayların ABŞ-ı, sithlərin isə SSRİ-ni təmsil etdiyini deyirdilər.

Güc üçün heç fərqi yoxdur ki, kim hansı tərəfdədir. İnsan ancaq eqosunun təsiri ilə Gücün qaranlıq, yaxur işıqlı tərəfini seçə bilir. Yəni faktik olaraq, biz ekranda qədim dini fəlsəfələrin fantastik kosmik macəra anturajına tətbiqini görürük. Yəni əgər “Avesta”nı oxumamısınızsa, eybi yoxdur, “Ulduz Müharibələri” həmin ideyanı əyləncəli kino dili ilə sizə çatdıra bilər.

Şəxsən mənə isə bu saqada hər zaman ən möhkəm təsir edən məqam Enekinin Dart Veyderə necə çevirilməsi olub. Oradan çıxan nəticə belədir: Sevdiklərinizdən dördəlli yapışmayın və onları nə zamansa itirə biləcəyiniz fikri ilə barışın. Çünki əks halda bu qorxu ilə yaşamaq sizi Qaranlıq Tərəfə sürükləyə bilər.

Vüsal Məmmədov,
“Ulduz Müharibələri”nin 20 illik sadiq fanatı

Teqlər: #Ulduz-Müharibələri   #Star-Wars   #Kino