Qanadlı raketləri məhv edən kompleks - “S-400”-ün parametrləri

Qanadlı raketləri məhv edən kompleks - “S-400”-ün parametrləri
  18 Dekabr 2017    Oxunub:22811
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ABŞ və Qərb ölkələrini ciddi narahat etməyə başlayıb. Təzyiqlərə baxmayaraq, Türkiyə bununla bağlı yaxın günlərdə Rusiya ilə sazişin imzalanacağını bəyan edib.
İlkin olaraq Türkiyə kredit yolu ilə Rusiyadan 4 ədəd “S-400” alacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edəcək.

“S-400” zenit-raket komplekslərini üstünlüyü nədən ibarətdir?

“S-400 Triumf” Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. “S-400” sistemlərində dörd növ raketdən istifadə olunur. Bunlar çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləridir. “S-400” hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan hesab olunur.



Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkaretməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Petriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.



“S-400” sistemində istifadə olunan raketlər Rusiya Hərbi Hava Qüvvələrindəki mövcud HHM sistemlərinin sayını azaltma proqramına paralel olaraq qısa, orta və uzun məsafələrdə eyni anda istifadə oluna biləcək fərqli raketlərdən seçilib.

Orta mənzilli 9M96 raketi 120 km mənzilə sahib olan idarəolunan raketdir və hədəfi vurma qabiliyyəti təyyarələrə qarşı 0.9, pilotsuz uçuş aparatlarına (PUA) qarşı 0.8 olaraq hesablanıb. Bu raketin digər bir növü olan 48N6DM 30 aprel 2004-cü ildə “Kapustin Yar” test mərkəzində sınaqdan çıxarılıb.



400 km mənzilə sahib olan yeni raket 40N6 siqnal qarışdırıcı təyyarələr və ballistik raketlərə qarşı istifadə olunur. 4.8 km/saniyə sürətə malik olan bu raketlər özü ilə eyni sürətdə hərəkət edən hədəfləri vurmaq qabiliyyətinə sahibdir.

Hazırda “S-400” zenit-raket kompleksləri Rusiya ilə yanaşı Çinin də silahlanmasında yer alır.
Gələcəkdə bu kompleksi almaq istəyən ölkələr arasında Türkiyə ilə yanaşı Hindistan, Səudiyyə Ərəbistanı və Mərakeş də var.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: S-400   Türkiyə   Rusiya   Raket  





Xəbər lenti