“Vətən xainləri”nin xanımları: Mir Cəfər Bağırov öz süd anasını da həbs etdirmişdi – SİYAHI, FOTOLAR (II YAZI)

  18 Dekabr 2017    Oxunub : 33597
“Vətən xainləri”nin xanımları: Mir Cəfər Bağırov öz süd anasını da həbs etdirmişdi – SİYAHI, FOTOLAR (II YAZI)
1937-1953-cü illərdə Qazaxıstanın Akmol kəndinin ərazisində ALJİR adlanan dəhşətli bir yer vardı. Bu abbreviatura rus dilindəki “Акмолинский лагерь жён изменников Родины” sözlərinin baş hərflərindən yaranmışdı. SSRİ-də o dövrün ən ağır ittihamlarından biri - Cinayət Məcəlləsinin 58-ci maddəsi olan “vətənə xəyanət”də günahlandırılan şəxslərin həyat yoldaşları, bacıları, anaları bu düşərgədə saxlanılırdılar.
...Onların yatmağa nə yorğanları, nə də döşəkləri vardı. Quru saman üzərində gecələyirdilər. Bataqlıqlardan tapdıqları qamışları yandıraraq isinirdilər, aclıq, sussuzluqla mübarizə aparırdılar. Yaxınları, övladları və həyat yoldaşlarının vəhşicəsinə öldürməsini hiss edərək ağrı, işgənclərlə gözlərini əbədi həyata yumurdular. Bəzi qadınlar gördükləri dəhşətli hadisələrin təsirindən dəli olurdular. Hər gün ailə üzvlərinin adını sayıqlayıraq, özlərinə qəsd edib, həyatları ilə vidalaşırdılar. Körpə övladlarını evdə təkbaşına qoyub gələn anaların gecə çəkdikləri ah-nalə, fəryad səsləri düşəgənin ətrafına yayılardı.



Düşərgədə 18.000 qadın məhbus həyatı yaşayıb ki, onların arasında 44 azərbaycanlı xanım da olub. AzVision.az-ın əməkdaşı ALJİR məhbusu olan 44 azərbaycanlı qadının həyatı, doğmaları ilə bağlı faktları toplayıb. ALJİR məhbusları olan xanımların əksəriyyəti bu yaxınlarda 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ailə üzvləridir...

Kimdir onlar?

(Yazının əvvəlini BURADAN oxuya bilərsiniz)

- Məmmədova Nəimə Rəşid qızı - 1906-ci ildə Şəki şəhərində doğulub. O, xalq maarifinin təşkilatçılarından olan yazıçı-pedaqoq Rəşid bəy Əfəndiyevin kiçik qızı, tarixçi-alim, Azərbaycan Dövlət Universitetinin kitabxanasının direktoru Ağamir Məmmədovun həyat yoldaşı idi.



1937-ci ilin oktyabrında rəhbər orqanlara Ağamir Məmmədov haqqında məktub daxil olur. Məktubda onun və ailəsinin müsavatçı olduğu, əksinqilabi fəaliyyətlə məşğul olduğu yazılmışdı. Azərbaycan tarixininin qatı açılmamış səhifələrini öyrənən bir alimi ittiham etmək üçün bu, əsl fürsət idi…

Hər qapının bir gün döyüləcəyi gözlənilən illərdə Nəimə xanımın ağlına da gəlmirdi ki, onun həyat yoldaşını ölkəyə xəyanətdə, satqınlıqda ittiham edə bilərlər. Ağamir Məmmədovun yoxa çıxması məlum olanda o, xəstəxanaları axtarmağa başlayır. Başına qəza gəldiyini güman edir. Lakin axtarışları heç bir nəticə vermir. Bir neçə gün sonra məlum olur ki, Ağamir Məmmədov 10 yanvar 1937-ci ıldə Azərbaycan SSR Xüsusi Dövlət İstintaq Komitəsi (XDİK) tərəfindən terrorçu əksinqilabi-millətçi, pantürkist təşkilatın üzvü kimi həbs edilib.



Nəimə xanımın bütün sualları cavabsız qalır. O, evdən əri üçün yemək gətirmək, onu görmək istədiyini desə də, imkan vermirlər. Yalnız dəyişmək üçün alt paltarları gətirməsini icazə verirlər. Çirkli paltarları ona qaytaranda məlum olur ki, köynəyinin arxasında zolaq-zolaq qan ləkələri var. Bu, Ağamir Məmmədova işgəncə verildiyini göstərirdi.

“Hazır şahidlər” vasitəsilə onun “günahı sübut olunur”. İftiralar yağdırmağa başlayırlar. Ancaq Ağamir Məmmədov elan olunmuş ittihamların heç birini qəbul etmir. Üç aylıq istintaqdan sonar, 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarına əsasən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilir.

Artıq Nəimə xanım əmin idi ki, bütün sürgün olunanların ailəsini Bayıla aparan qara maşın çox yaxında onların da qapısına gələcək. Həmin günə qədər səksəkə içində iki ay keçir. Və nəhayət, 10 aprel 1938-ci ildə iki nəfər içəri girir: “Yığışın, bir dəstə paltar götürün, balaca çemodan olsun, başqa dəyişəkləri də qoyun və bu qoca arvadla vidalaşın, qayıtmayacaqsınız!”



Nəimə xanımı fəlakətlərə düçar olmuş, qəm dəryasına batmış qadınların olduğu dəmir barmaqlıqlar arasına itələyib salırlar. Bir neçə gün sonra həmin qapı yenə açılır. Ağ saçları üzünə tökülmüş bir qadını içəri gətirirlər. Nəimə xanım həmin qadını belə xatırlayır: “Ağzının qanı solğun çöhrəsinə yayılmışdı. Su tapıb içirtdik. Özünə gələndən sonra əllərini göyə qaldırıb, dodaqları altında nəsə pıçıldadı, sonra döşlərini tutub, başını qaldırdı, ah-zarlı səsi həbsxananın lal divarlarını titrətdi: “Ay Allah, Mir Cəfərə bu döşümdən verdiyim südü haram elə, onu dünya işığına həsrət qoy!” Həmin qadın Mir Cəfər Bağırovun süd anası imiş. Ona süd verən qadına mərhəmət göstərməyən insanın başqalarına nəzakətli olacağını gözləməyə dəyməzdi.

Nəimə xanımı iki ay istintaqsız Bayıl həbsxanasında saxlayırlar. Bir gün içəri iki nəfər girir və hökmü oxuyur. Digər qadınlar kimi onun da adı çəkilir. Səkkiz il Azərbaycandan kənara sürgün! Qadınların “nəyə görə” sualının cavabı isə belə olur: “Siz xalq düşmənlərinin arvadlarısınız!”

Onunla birlikdə sürgün olunanların arasında Ruhulla Axundovun arvadı Frida Naumovna və Soltan Məcid Əfəndiyevin arvadı Zivər xanım da var idi.

Onları mal-qara daşınan qatarlara doldurub, naməlum istiqamətə aparırlar. Qatarı müəyyən yerlərdə saxlayıb, meyitləri çölə atırlar. Qadınların çoxu dəli olur, özünə qəsd edir. Yalnlz ən güclü iradəyə sahib olan qadınlar o cəhənnəmə tab gətirə bilirlər. Nəimə xanım da güclü qadınlardan biri idi. O, çəkdiyi əzaba yalnız ona görə dözürdü ki, inanırdı: bir gün haqq öz yerini tapacaq, o, yaşadıqlarını başqalarına danışa biləcək, ağır sürgün həyatının canlı şahidi kimi hər şeyi sonrakı nəsillərə çatdıracaq.



Qadınları Rusiyanın soyuq Seqeja şəhəri yaxınlığında hasara alınmış həbs düşərgəsinə gətirirlər. Onlar burada köynəklərin yaxasına bəzək vurur, başqa işlər də görürlər. Nəimə xanım qeyd edir ki, Soltan Məcid Əfəndiyevin arvadı, bacarıqlı həkim Zivər xanımın gözləri zəif gördüyü üçün ona tualet təmizlədiblər.

O, tez-tez atasını fikirləşir, onun üçün necə narahat olduğunu təsəvvür edirdi. Atasına olan bağlılığından, sevgisindəndir ki, onun ölümünü də hiss edir: “Qırx ikinci ilin fevral günlərinin birində elə bil dünya bir anlığa dayandı. Gözlərimə qaranlıq çökdü. Elə qışqırdım ki, səsimə barakdakılar oyandılar: “Nə olub sənə, özünü ələ al!” Mən ömrümdə ilk dəfə yanıqlı-yanıqlı ağladım. Deyirdim, atam daha bu dünyada yoxdur, o ölüb!”

Həbsdən qayıdandan sonra öyrənir ki, atası 1942-ci ilin fevralında onun azad olunması üçün Moskvaya mərhəmət ərizəsi göndərib. Lakin rədd cavabı alıb. Bundan bir neçə gün sonra isə gözlərini əbədi yumub...

Nəimə xanımı 1943-cü ildə azad edirlər. Amma bir şərtlə: birbaşa Azərbaycana gedə bilməz, bir neçə ay Qazaxıstanda yaşamalıdır. Azərbaycan Dövlət Universitetinin riyaziyyat professoru olan qardaşı Məmməd bəy işə qarışır, Azərbaycana qayıtmağına icazə ala bilir. Ancaq qayıdanda o qədər dəyişibmiş ki, qardaşı onu tanımır.

“Qapını açıb içəri girdim. O, mətbəxdə nahar edirdi. Səsə bəy başını qaldırdı, fikirləşdim ki, ayağa duracaq, məni qucaqlayacaq. Belə olmadı. Yəqin etdim ki, məni tanımayıb. Arvadını səslədi. Dedi, dilənçiyə pay ver, yola sal. Ürəyim gedib yıxıldım. Qardaşım arvadı ilə köməkləşib, məni yerdən qaldırdılar. Tanıdı. Qardaşım, gəlin və mən bir müddət bir-birimizə sarılıb, hönkür-hönkür ağladıq”,- deyə Nəimə xanım sonralar xatırlayırdı.



Sürgündən qayıdandan sonra heç bir tanışı onunla ünsiyyət saxlamır, hamı ondan qaçır. Bunu da anlamaq olardı. Çünki sürgündən qayıtmış biri, üstəlik, “xalq düşməninin arvadı” ilə ünsiyyət saxlayan hər kəsi təhlükə gözləyirdi.

Bir gün Nəimə xanım DİN-ə gedir və iş istəyir. Bu fikrinə gülürlər. Lakin o, dediyindən dönmür. Orada süpürgəçi kimi də olsa, işləmək istədiyini deyir. Yalnız bu yolla normal cəmiyyətə qarışa biləcəyini düşünür. Əmin idi ki, insanlar DİN-ə gedib-gəldiyini görsələr, onunla ünsiyyətdən qaçmazlar.

Yaşlı bir kişi onu dinləyir. Tutulmamışdan qabaq elmi işçi olduğunu öyrənir. Onu Şəkiyə ipəkçiliyə göndərməyə qərar verirlər. O, bir neçə il – Mir Cəfər Bağırov həbs olunana qədər Şəkinin ipək sənayesi fabriklərində laboratoriyada işləyir. İiyirmi ilə yaxın isə respublikanın ipəkçilik üzrə mərkəzi təşkilatlarında çalışır. Əzmi, inadkarlığı sayəsində əzablara dözür, ölkənin ən güclü mütəxəssisinə çevrilir. Həyat yoldaşına bəraət almağa da nail olur.

- Mehdiyeva Setar Hüseyin qızı - 1910-cu ildə Qaryagin şəhərində anadan olub. Həbs edilərkən 9 yaşında Fikrət adlı oğlu, 3 yaşında Rima adlı qızı varmış. Həyat yoldaşı Mehdiyev Mehdi Adıgözəl oğlu ictimai xadim idi, 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində dоğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil оlub, 1911-ci ildə oranı bitirib, sоnra Gürcüstan hərbi dəmiryоlunun çəkilişində fəhləlik edib. 1914-cü ildə Dоnbasda bir sıra məşhur inqilabçılarla tanış оlub.



О, 1915-1918-ci illərdə Türküstan vilayətinin Buxara dəmir yоlunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya Müharibəsinin başlanması xəbərini eşidib. Tale elə gətirir ki, Mehdi 1918-ci ildə Çapayevin kоmandanlıq etdiyi 25-ci divizyaya düşür. Divizyanın tərkibindəki yeganə azərbaycanlı kimi ağqvardiyaçılara və xarici müdaxiləçilərə qarşı mübarizə aparır. M.V.Frunzenin Türküstan cəbhəsinə kоmandanlığı dövründə M.Mehdiyev həmin cəbhənin sıvari döyüşçüsü kimi vuruşur.

1920-ci ilin əvvəllərində Həştərxanda S.M. Kirоv ilə tanış оlan M.Mehdiyev aprelin 27-də XI Qızıl Оrdunun tərkibində Bakıya gəlir. Bakıda bir çоx məşhur bоlşeviklərlə yaxından tanış оlur. Azərbaycanda Sоvet Hakimiyətinin qələbəsindən sоnra bir sıra məsul vəzifələrdə çalışır.

Mehdi Mehdiyev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyanın Səyyar Sessiyasının qərarı ilə 13.10.1937-ci ildə “əksinqilabi-millətçilik fəaliyyətinə görə” güllələnməyə məhkum edilir. Bundan sonar xanımı - Mehdiyeva Sitarə Hüseyn qızı “vətən xainin həyat yoldaşı” ki¬mi 8 il müddətinə azadlıqdan məhrum edilir.



- Mehtiyeva Dursun Həmzə qızı - 1907-ci ildə Gəncədə doğulub. 8 yaşında Sahib adlı oğlu, 3 yaşında Xalidə adlı qızı varmış. Həyat yoldaşı Mehdiyev Eyyub Nağı oğlu “əksinqilabi-millətçilik fəaliyyəti”nə görə güllələnməyə məhkum edilib. Dursun Mehdiyeva “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib

- Muradova Səfurə Nəsib qızı - 1902-ci ildə Zaqatala şəhərində doğulub. Həbs edilərkən 16 yaşında Oğuz adlı oğlu vardı. Həyat yoldaşı Muradov Səbri Murad oğlu 3 yanvar 1938-ci idə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilib. Səfurə xaım SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsasında “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib.

- Naibova Məryəm Əli qızı - 1900-cı ildə Zaqatala rayonunun Çardaxlar kəndində anadan olub. Oğlu Bayram 1931-ci, ögey oğlu Qazı Məmməd - 1923-cü ildə dünyaya gəliblər. 1931-ci ildə qolçomaq ailəsi kimi həbs olunaraq, Azərbaycan Dövlət Siyasi İdarəsi Fövqəladə Üçlüyünün qərarı ilə uşaqları ilə birlikdə Qazaxstana sürgün ediliblər.

- Nurməmmədova Fatma Abdul qızı- 1899-cu ildə Şamaxı şəhərində doğulub. Həyat yoldaşı Nurməmmədov Mirzə Həsən 4 iyul 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərfindən əksinqilabi terrorçuluq fəaliyyətinə görə 2-ci kateqoriya ilə həbs edilib. Nurməmmədova Fatma Əbdül qızı “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib.



- Eyyubova Sənubər Nəsibovna - 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində imkanlı ailədə doğulub. Atasının zavodları, neft anbarları, dəyirmanları vardı. Lakin bu var-dövlət gənc qızı maraqlandırmırdı. O, oxumağa, təhsil almağa can atırdı. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir. Həmin dövrdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Sənubər 1920-ci ildə Kommunist Partiyasına üzv olur. 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. Onu təyinatla Qubaya göndərirlər.

Gənc müəllimə Qubada böyük çətinliklərlə üzləşir. Sənubər Əyyubovanın bacısı qızı Ruhəngiz Fətullayevanın xatirələrindən: “Xalam deyirdi ki, yaxın rəfiqəsi Sürəyya Xəlifəzadə ilə Xaçmazda qatardan düşüb, faytona əyləşirlər. Faytonçudan xahiş edirlər ki, onları Qubada yaşlı bir qadının evinə aparsın. Axı onların Qubada heç bir tanışları yox idi. Nadürüst faytonçu isə onları Hacıağa adlı yaşlı bir kişinin evinə aparır. Hacıağa qızların nə məqsədlə gəldiyini, varlı ailədən olduqlarını bilincə, deyir: “Nəbadə bayıra çıxasınız, sizi çadrasız görsələr, öldürərlər...”

Sənubər Əyyubova dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. O, qızların təhsilinə, təlim-tərbiyə işlərinə çox ciddi yanaşırdı. Özü təbiət dərslərini tədris edirdi. Seminariyanı bitirən məzunları müxtəlif yerlərə müəllim işləməyə göndərirdilər.



Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. İllər ötür. Qızlar Seminariyasının açılmasında olmazın çətinliklərə rast gələn Sənubər xanım qubalıların sevimlisinə çevrilir. Onun qədəmləri hər evə sevinc bəxş edirdi. Qubada doğulan qızlara qoyulan “Sənubər” adının verilməsi gənc müəlliməyə bəslənilən dərin hörmətin izharı idi.

Gənc müəllimə 1928-cı ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurur. Onlar Bakıya qayıdırlar, Mehdi Respublika prokurorunun müavini, Sənubər isə maarif komissarlığında şöbə müdiri olur. 1930-cu ildə bu xoşbəxt ailədə Alanqo adlı qız, bir neçə il sonra isə Çingiz adlı oğlan dünyaya gəlir.

1935-ci ildə Sənubər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir. Beləcə, hər şey irəliyə, daha fərəhli günlərə doğru gedirdi...

1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edirlər. Sənubər də uşaqlarını götürüb oraya gedir. Günlərin birində onun qaldığı otağın qapısı döyülür və iki nəfər içəri girir. Nisbətən yaşlı olanı cibindən bir kağız çıxarıb, göstərir. Bu həbs olunmaq üçün sanksiya idi. Heç bir seçimi qalmayan ana uşaqlarını dayələrinə tapşırır və deyir ki, onları nənələrinin yanına aparsın. Uzun ayrılıq başlanır...

Sənubər xanım ömür-gün yoldaşının həbs edilməsini də həbsxanada öyrənir. Mehdi köhnə bolşevik Sarı Şəmistanla bir kamerada qalırdı. Şəmistan Sənubərin əmisi oğlu idi. Onu tutan kimi, həyat yoldaşı Pərini də həbs etmişdilər. Pəri isə Səməd Vurğunun əmisi qızı idi. Dustaq otağında dörd qadın - Ayna Sultanova, Xavər Qarayeva, Sevgili Hacıyeva və Sənubər Əyyubova birlikdə idilər.



Sənubər xanıma çoxlu işgəncələr versələr də, boynuna bir şey qoya bilmirdilər. Ruhəngiz xanım söyləyir ki, sürgündən qayıdandan sonra xalası həmin acı anları belə xatırlayırdı: “Özünü müstəntiq adlandıran cəllad pəncərənin qarşısına gəlib, onu taybatay açdı. Məni pəncərənin önünə çağırdı. Aşağıda maska taxmış bir kişi əlində şallaq, müntəzir dayanmışdı. Yerdə kisənin içində nəsə tərpənirdi. Bədənim üşəndi. Ani olaraq beynimdən keçdi: “Birdən kisədəki Mehdi olar?!” Gözlərimə qaranlıq çökdü. Əgər o, Mehdi deyilsə, onda müstəntiq məni niyə pəncərə önünə çağırdı? Müstəntiq «Vur!» əmrini verəndən sonra aşağıda döyülən adamı mənə göstərərək, mənəviyyatımı sarsıtmaq, yazılı kağızlara qol çəkdirmək istəyirdi».

Gənc qadın bayılır, üzünə su çiləyirlər. Özünə gəlmədiyini görüncə, yenidən kameraya aparırlar.

Mehdi Məhərrəmov həbsxanada güllələnir. Sənubər xanımı isə SSRİ XDİK-nin 29 may 1938-ci il qərarına əsasən “xalq düşməninin arvadı” kimi Qazaxıstana sürgün edirlər.

Bu qədər haqsızlıqlara tuş gələn Sənubər Əyyubova həyatla çarpışır, gözü önünə qurub-yaratdığı işləri gətirir, “Mən sınmamalıyam” deyirdi. Elə bil uca, işıqlı zirvədən qaranlıq quyunun dibinə yuvarlanmışdı.

1947-ci ilidə Sənubər xanım sürgündən qayıdır. Qocalmışdı, amma yenə də sarsılmamışdı. Bəraət alana qədər Kürdəmirdə, Şamaxıda baytar həkimi işlədi. Övladlarının hər ikisi ali təhsil aldı.

1956-cı ildə bir çox günahsız repressiya olunmuş şəxslər kimi ona və ərinə (ölümünüdən sonra) bəraət verildi. Bakıda yaşamaq hüququ bərpa edildi. Pedaqoji fəaliyyətə qayıtdı, müxtəlif işlərdə BDU-nun prorektoru vəzifəsində çalışdı. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi. 1970-ci ildə, 65 yaşında dünyasını dəyişdi.



- Rzayeva Balabaci Hüseyn qızı - 1902-ci ildə Bakıda doğulub. Həbs edilərkən 8 yaşlı Sona adlı qızı varmış. Həyat yoldaşı Cəfər Rzayev əksinqilabi-terrorçuluq fəaliyyətinə görə həbs edilib. Balabacı Rzayeva “vətən xaininin həyat yoldaşı” kimi 10 noyabr 1937-ci ildə tutularaq, Seqejlaqa, oradan isə Karlaqa gətirilib.

- Rizayeva Firəngiz Marzayevna - 1901-ci ildə İranın Qəzvin şəhərində doğulub. Qızları Zaranın 17, Kamilənin 9 yaşı varmış. Həyat yoldaşı Səfərov Həsən Qulam oğlu perspektivli kadr sayılırdı, Lenin ordeni də almışdı. Söhbətlər gedirmiş ki, yuxarı vəzifəyə çəkəcəklər. Bir gün Mircəfər Bağırov kurortda olan H.Səfərovun geri çağırtdırır. 28 avqust 1936-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən I kateqoriya üzrə həbs edilir. Firəngiz xanım isə “vətən xaininin həyat yoldaşı” ki¬mi SSRİ XDİK Xüsusi Müşavirəsinin 7 iyul 1938-ci il qərarına əsasən 5 il müddətinə Karlaqa göndərilir.

- Sadıqova Qeysə Nəsir qızı - 1912-ci ildə Şuşa şəhərində anadan olub. Həyat yoldaşı Sadıxov Qəmbər Nəsir oğlu (1899) Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru, Marksizm-leninizm İnstitutunun direktoru, AK(b)P MK sovet ticarəti şöbəsi müdirinin müavini olub. 12 oktyabr 1937-ci ildə əksinqilabi trotskiçi-terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə həbs edilib. Qeysə Sadıxova da “vətən xaininin həyat yoldaşı” ki¬mi 8 il müddətinə azadlıqdan məhrum olunur.



- Salamzadə Fəridə Rəhmanovna - 1910-cu ildə Şəki şəhərində doğulub. 1933-cü ildə qızı Quzeyda dünyaya gəlib. Həyat yoldaşı, tənqidçi, tarixçi Salamzadə Əbdül Əziz oğlu 1907-ci ildə Nuxada anadan olub. Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, Azərbaycanda ilk tarix elmləri namizədi idi. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə “trotski-terrorçuluq fəaliyyəti”nə go¬rə güllələnməyə məhkum edilib. Bundan sonra Fəridə xanım “vətən xaininin həyat yoldaşı” ki¬mi 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az

Teqlər: Repressiya   Sürgün   Aljir