“Azərbaycanla əlaqələrdə yeni dönəm başlayıb” – Avropalı deputat

  18 Dekabr 2017    Oxunub : 790
“Azərbaycanla əlaqələrdə yeni dönəm başlayıb” – Avropalı deputat

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ilə görüşüb.

AzVision.az xəbər verir ki, Oqtay Əsədov Yan Zahradili təmsil etdiyi alyansa növbəti dəfə rəhbər seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, ötən ilin fevral ayında qonağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılan fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yan Zahradilin başçılıq etdiyi alyansın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir.

Sədr istər AŞPA-da, istərsə də Avropa Parlamentində alyansın üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirib. Bildirilib ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker ümidvar olduğunu söyləyib ki, bu səfər də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.

Yan Zahradil ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Qonaq rəhbərlik etdiyi alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, müxtəlif dönəmlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılıb, əlaqələrimizdə yeni dönəm başlayıb.

Qonaq rəhbərlik etdiyi alyansın ölkəmizlə bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. Bildirilib ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər barədə danışılıb.

Görüşdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və digərləri iştirak ediblər.

AzVision.az

Teqlər:   Azərbaycan