Bu il Azərbaycanda 3642 zəlzələ olub

Bu il Azərbaycanda 3642 zəlzələ olub
  19 Dekabr 2017    Oxunub:1269
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib.
İllik hesabatı Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Baş direktor çıxışı zamanı bildirib ki, RSXM-nin bütün şöbələri üzrə illik hesabatlar təqdim edilib və illik hesabat həmin nəticələr əsasında hazırlanıb. Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Qurban Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında danışarkən 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 78 zəlzələ qeydə alınıb və onlardan 26 hiss olunan zəlzələlərdir.

Baş direktor onu da əlavə edib ki, 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalmış, ayrılan seysmik enerjinin miqdarı artıb. Belə ki, 2016-cı ildə Azərbaycan ərazisində zəlzələlərin sayı 4528, ayrılan seysmik enerjinin miqdarı ∑E=48.7 •1011C, ən yüksək maqnituda ml=5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ayrılan seysmik enerjinin miqdarı ∑E=86.5 •1011C, ən yüksək maqnituda ml=5.7 olub. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqadardır.

Hesabat ili ərzində ən güclü hadisə Agdam ərazisində baş vermişdir. 15 noyabr yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası ml=5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. 2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub.

AzVision.az


Teqlər: AMEA   Zəlzələ  





Xəbər lenti